Avqustun 1-də Milli Kitabxanada “Azərbaycan əlifbası və Azərbaycan dili günü” münasibətilə tədbir keçirilib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov əlamətdar gün münasibətilə hər kəsi təbrik edib. O, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək zirvəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. “Azərbaycan əlifbası və Azərbaycan dili günü”nün Ümummilli liderin 2001-ci ildə imzaladığı fərmanla təsis olunduğunu diqqətə çatdıran direktor bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.
Qeyd olunub ki, İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən biri (2004) Azərbaycan və dünya klassiklərinin məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı əlifba ilə kütləvi nəşri haqqında sərəncam olub. Prezident İlham Əliyevin Azərbaycan dilinin tətbiqi və təbliği, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılması istiqamətində fərmanın icrası çərçivəsində son 2 ildə Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə dünyanın 6 ölkəsində “Azərbaycan ədəbiyyatı guşəsi” açılıb.
Tədbir çərçivəsində şəhid Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist ömrünün əbədiyyət nəğməsi” adlı kitabın təqdimatı keçirilib.
Direktor bu əlamətdar gündə şəhid-jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş kitabın təqdimatının önəmini vurğulayaraq bildirib ki, Milli Kitabxananın saytı vasitəsilə nəşr 3 dildə virtual oxucuların da istifadəsinə veriləcək.
Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycanın həm beynəlxalq diplomatik müstəvidə də mübarizə apardığını, bu işdə kütləvi informasiya vasitələrinin də iştirak etdiyini vurğulayıb. AZƏRTAC-ın müxbiri Məhərrəm Əlioğlu və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun 2021-ci ildə mina terrorunun qurbanı olduğunu xatırladan millət vəkili şəhidlərimizin qanının yerdə qalmadığını, qalib ölkənin qalib vətəndaşları olduğumuzu deyib.
Kitabın müəllifi, şəhid-jurnalistin qardaşı Əsgər İbrahimov Milli Kitabxananın rəhbərliyinə və kitabın ərsəyə gəlməsində dəstəyi və əməyi olan hər kəsə təşəkkür edib.
Kitabın rəyçisi texnika elmləri üzrə fəlsəfə doktoru Hümbət Hüseynov, “Real” televiziyasının əməkdaşı Kamran Qasımov, Əməkdar jurnalist Tahir Aydınoğlu, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Məmmədova və başqa çıxış edənlər “Azərbaycan əlifbası və Azərbaycan dili günü”nün önəmindən danışıb, belə bir gündə şəhid Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş kitabın təqdimatının gözəl təşəbbüs olduğunu vurğulayıblar.
Sonda tədbir iştirakçıları “1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü” adlı kitab sərgisi ilə tanış olublar.