2 avqust Azərbaycan Kinosu Günüdür. 1898-ci ilin həmin günü Bakıda ilk kinoxronika  nümayiş etdirilib. Əlamətdar gün Prezident Heydər Əliyevin 2000-ci ildə imzaladığı sərəncamla təsis olunub.

 

Tarixdəki olaylar

 

2 avqust 1990 – İraq qoşunları Küveyti işğal edib. Səddam Hüseyn Küveyti İraqın əyaləti elan edib. ABŞ başda olmaqla beynəlxalq koalisiya 1991-ci ilin yanvarında İraqa qarşı “Səhrada tufan” əməliyyatı ilə bu təcavüzə son qoydu.

 

2 avqust 1991 – Erməni təxribatçıları Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı daha bir terror aktı həyta keçiriblər. Hadrut (Xocavənd) rayonunun Dolanlar kəndində «QAZ-53» markalı avtomaşın partladılması nəticəsində 4 nəfər həlak olub 8 nəfər yaralanıb.

 

2 avqust 2001 – Soçidə MDB sammiti çərçivəsində Azərbaycan, Rusiya və Qazaxıstan prezidentləri Heydər Əliyev, Vladimir Putin və Nursultan Nazarbayev arasında keçirilən görüşdə Xəzərlə bağlı məsələlər müzakirə edilib. Prezidentlər İran hərbi gəmilərinin Azərbaycanın neft yataqlarında geofiziki kəşfiyyat aparan gəmisinə hücumunu (23 iyul) pisləyən birgə bəyanat qəbul ediblər. Rusiya və Qazaxıstan Azərbaycanın Xəzərlə bağlı konstruktiv, mübahisələri dinc yolla nizamlamaq xəttinə dəstək veriblər.

 

2 avqust 2003 – Səhhətindəki problemlərlə bağlı Türkiyədə, Gülhanə Hərbi Tibb Akademiyasında (Ankara) müalicə olunan Prezident Heydər Əliyev ARDNŞ-nin 1-ci vitse-prezidenti, millət vəkili İlham Əliyevin Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verilməsi ilə bağlı Milli Məclisə təqdimat göndərib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

2 avqust 1834 – Fransız memarı Frederik Ogüst Bartoldi (Frederic Auguste Bartholdi; 1834 – 4.10.1904) anadan olub. ABŞ-nin Nyu-York şəhərindəki “Azadlıq” heykəlinin müəllifidir.

 

2 avqust 1932 – İrland əsilli ingilis aktyoru Piter O’Tul (Peter Seamus O’Toole; 1932 – 14.12.2013) anadan olub. Filmləri: “Milyonu necə oğurlamalı?”, “Kaliqula”, “Ərəbistanlı Lourens” və s.

 

2 avqust 1949 – Xalq artisti, tanınmış qarmon ifaçısı Kamil Səfərəli oğlu Vəzirov (1949 – 13.2.2018) Bakıda doğulub. Dövlət Mahnı Teatrının solisti olub.

 

2 avqust 1969 – Milli səhnəmizin ilk azərbaycanlı qadın müğənnilərindən biri, Xalq artisti Həqiqət Əli qızı Rzayeva (20.5.1907 – 1969) vəfat edib.

 

2 avqust 1980 – Görkəmli teatr rejissoru, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Səməd Mənsur oğlu Kazımov (14.1.1923 – 1980) dünyasını dəyişib. Akademik Milli Dram Teatrında baş rejissor işləyib. Gənc Tamaşaçılar, Rus Dram, Musiqili Komediya teatrlarında tamaşalar hazırlayıb.

 

2 avqust 1984 – SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə; 20.8.1912 – 1984) vəfat edib. “Xosrov və Şirin” operası, “Çitra” baleti, “Rast” simfonik muğamı və s. əsərlərin müəllifidir.

 

2 avqust 2007 – Əməkdar artist, aktyor, rejissor Ələkbər Adıgözəl oğlu Hüseynov (7.7.1961 – 2007) vəfat edib. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru işləyib.

Hazırladı: Vüqar Orxan