
Azərbaycan musiqisinin və milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru, Heydər Əliyev Mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Arif Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində dünyasını dəyişib.
Qarabağ xanəndəlik məktəbinin parlaq simalarından olan Arif Babayev Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr verib. Ustad xanəndə sələflərinin sənət ənənələrini yaradıcılıqla davam etdirərək, özünəməxsus ifaçılıq dəst-xəti ilə geniş tamaşaçı rəğbəti qazanıb və muğamın klassik ifa tərzinin qorunub saxlanmasında təqdirəlayiq xidmətlər göstərib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, ittifaqın katibləri və üzvləri Arif Babayevin vəfatı ilə əlaqədar musiqi ictimaiyyətinə, sənətkarın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin.