Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək; Azərbaycan dilinin inkişafının təmin edilməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycan Respublikasında tanıdılması və təbliği işini həyata keçirmək vəzifələri verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı 31 iyul 2025-ci il tarixdə Fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə (2018) müvafiq məzmunda iki yarımbənd əlavə edilib.

Xatırladaq ki, qeyd olunan vəzifələr bundan öncə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyət dairəsinə aid idi.

Hər iki qurum Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 21 noyabr tarixli 368 nömrəli Sərəncamı ilə ləğv edilib.

***

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 28 fevral tarixli 1847 nömrəli, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli 323 nömrəli və “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 iyul tarixli 1119 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 21 noyabr tarixli 368 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1847 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 211 (Cild I) 1-ci hissəsi ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.40-1-ci və 3.1.40-2-ci yarımbəndlər əlavə edilsin:

“3.1.40-1. müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək;

3.1.40-2. Azərbaycan dilinin inkişafının təmin edilməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycan Respublikasında tanıdılması və təbliği işini həyata keçirmək;”.

3. “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 323 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2236 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) 2-ci hissəsi ləğv edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899 (Cild I); 2024, № 4, maddə 373, № 6 (I kitab), maddələr 654, 675, № 8, maddə 948; 2025, № 1, maddə 29, № 3, maddə 224) ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın 9-cu və 24-cü hissələri ləğv edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyun tarixli 506 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının yeni tərkibi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2025-ci il