
2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində paytaxtın Xətai rayonundakı Heydər Əliyev adına parkın amfiteatrında film nümayişi keçiriləcək.
Avqustun 1-də Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə rejissor Əli-Səttar Quliyevin “Əlvida, Şmitd!” bədii filmi nümayiş olunacaq.
Saat 20:00-da başlayacaq tədbirə filmin yaradıcı heyəti də qatılacaq.
Qeyd edək ki, 2019-cu ildə ekranlara çıxan film Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində fəaliyyət göstərən “Mozalan” studiyasında ərsəyə gəlib. Azərbaycanda almanların məskunlaşmasının 200 illiyinə həsr edilən ekran əsərində əsas hadisələr Göygöl rayonunda (keçmiş Helenendorf) cərəyan edir.
Filmin ssenari müəllifi Rüstəm Babazadə, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabskidir. Baş rolları aktyor Azər Aydəmir, Tbilisi Dövlət Akademik Rus Dram Teatrından dəvət olunmuş aktrisa Məryəm Kitiya və Əməkdar artist Rasim Cəfər ifa edirlər. Xalq artistləri Şamil Süleymanlı, Qurban İsmayılov və Əməkdar artist Zemfira Sadıqova da filmdə çəkiliblər.