İyulun 29-da Xətai rayonu Heydər Əliyev adına parkın amfiteatr səhnəsində "Tariximizin Qərbi Azərbaycan izləri" adlı konsert keçirilib.

Mədəniyyət Nazirliyinin Bakı Şəhər Baş Mədəniyyət İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkil etdiyi tədbirdə Milli Məclisin deputatları, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, Heydər Əliyev adına Hərbi İnstitutun kursant və zabitləri, mədəniyyət xadimləri iştirak ediblər.

Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.

Xətai rayonunun icra başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Vüqar İskəndərov, Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba yurdlarından deportasiyaya, etnik təmizləməyə məruz qaldıqlarını, həmin torpaqlara geri dönüşün 300 mindən çox qərbi azərbaycanlının beynəlxalq səviyyədə tanınan fundamental hüququ olduğunu qeyd ediblər.

Çıxış edənlər uzun illər işğalda qalan Qarabağ və Şərqi Zəngəzurun Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı sayəsində azad edildiyini, hazırda həmin ərazilərə mərhələli şəkildə köç prosesinin getdiyini qeyd edib, Qərbi Azərbaycan niskilinə də son qoyulacağına, hər bir azərbaycanlının həmin tarixi torpaqlarda gəzmək, yaşamaq hüququ əldə edəcəyinə inam ifadə olunub.

Konsert proqramında mahnı və rəqslər, o cümlədən Qərbi Azərbaycan motivli rəqs kompozisiyaları və aşıq havaları  təqdim edilib.

Tədbir çərçivəsində Qərbi Azərbaycan mədəniyyətini əks etdirən mədəni irs nümunələri sərgilənib.