Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və “Gilan”nın dəstəyi ilə keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb.

İyulun 24-də başlanan və altı gün davam edən musiqi bayramı bu dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuşdu.

Festival günlərində musiqisevərlər və Qəbələnin qonaqları Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupunun, “Mercadonegro ” musiqi qrupunun (Latın Amerikası), “Tbilisi Big Band” orkestrinin (Gürcüstan), “Ciurlionis” kvartetinin (Litva), həmçinin “Gənclərə dəstək” layihəsi iştirakçılarının, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və “Xarıbülbül” muğam qrupunun iştirakı ilə Xalq artisti Nəzakət Teymurovanın, “Detaşe-Sabah” violinoçular ansamblının, BMA tələbələrinin çıxışlarını izləmək imkanı qazanıblar.

İyulun 29-da XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konsertində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə “Viva opera” konsert proqramı təqdim olunub.

Konsert görkəmli musiqi xadimləri Vasif Adıgözəlovun 90 və Rauf Atakişiyevin 100 illik yubileylərinə həsr olunub.

Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə keçən konsertin birinci hissəsində bəstəkar Vasif Adıgözəlovun “Bayram uvertürası”, “Piano və orkestr üçün 4 nömrəli konsert”, “Qərənfil” romansı, “Çanaqqala 1915” oratoriyasından türkülər və “Bakı haqqında mahnı” səsləndirilib. Solistlər Murad Adıgözəlzadə (piano), Afaq Abbasova (soprano), Selcan Fermor-Hesketh (soprano) və Əvəz Abdulla (bariton) olub.

Konsertin ikinci hissəsində Azərbaycan Dövlət Simfonik Orkestrini bədii rəhbəri və baş dirijor, Əməkdar artist Fuad İbrahimov idarə edib. Solistlər Xalq artisti Yusif Eyvazov (tenor), Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo soprano), Yusif Eyvazov (tenor) və Əvəz Abdullanın (bariton) ifaları tamaşaçılar alqışlarla qarşılanıb.

Konsertin sonunda bütün solistlər birgə ifasında C.Verdinin “Traviata” operasından “Brindisi” səslənib.