Azərbaycanın ilk qadın gəmi kapitanı, İkinci Dünya müharibəsi iştirakçısı, iqtisadçı alim Şövkət Səlimovanın (1920-1999) həyat və fəaliyyətinə həsr olunan bədii film çəkilir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) təşəbbüsü və sifarişi ilə lentə alınan “Şövkət” adlı ekran əsərinin əsas məqsədi dənizçilik tariximizdə iz qoymuş xanım kapitanın həyat yolunu və qəhrəmanlığını bədii dillə tamaşaçılara təqdim etməkdir. Film həmçinin II Dünya müharibəsi illərində Azərbaycanın və milli gəmiçiliyimizin cəbhəyə verdiyi töhfələri, qadınların gəmiçilik sahəsindəki rolunu və ümumilikdə lider qadın obrazını diqqət mərkəzinə çəkəcək.

Ekran əsərinin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri Asif Rüstəmov və “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimovdur. Filmin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı prodüseri Səbinə Həsənovadır.

Filmin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, eləcə də 100-dən artıq aktyor iştirak edir. Ekran işində 22 yaşlı Şövkət Səlimovanın obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırır. Bundan başqa, filmdə Xalq artisti Qurban İsmayılov, tanınmış aktyorlar Hikmət Rəhimov, Elsevər Rəhimov, Nigar Mürsəlova və başqaları rol alır.

Çəkilişlər ASCO-nun donanmasına məxsus gəmilərdə və digər real məkanlarda aparılır.