Tarixdəki olaylar
27 iyul 1804 – Rusiya-İran müharibəsində (1804–1813) ilk toqquşma – Üçmüəzzin döyüşü olub. İrəvan xanlığının ərazisindəki Üçmüəzzin kəndi (indiki Ermənistanın Eçmiədzin rayonu) yaxınlığında baş verən döyüşdə İran qoşunları rusları məğlub ediblər.
27 iyul 1952 – Volqa-Don kanalı istifadəyə verilib. 101 kilometr uzunluğunda olan kanal Xəzər dənizi ilə Qara dənizin naviqasiya sistemini birləşdirmək üçün strateji əhəmiyyət daşıyır. Kanal Azərbaycanın Xəzərdəki gəmilərinin dünya okeanına (Qara dəniz – Aralıq dənizi) çıxışı üçün yeganə su yoludur.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
27 iyul 1824 – Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas; 1824 - 27.11.1895) anadan olub. Əsərləri: “Kameliyalı qadın” (roman və pyes), “Yarıqaranlıq” (pyes), “Doktor Servan” (povest) və s. “Kameliyalı qadın” romanı əsasında C.Verdi “Traviata” operasını yazıb.
27 iyul 1835 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1906) Cozue Karduççi (Giosue Carducci; 1835 – 16.2.1907) anadan olub.
27 iyul 1853 – Rus yazıçısı Vladimir Korolenko (1853–1921) anadan olub. Əsərləri: “Makarın yuxusu”, “Kor musiqiçi”, “Qazmada yaşayan uşaqlar” və s.
27 iyul 1991 – Əməkdar incəsənət xadimi, pianoçu, “Dan ulduzu” instrumental ansamblının yaradıcısı Gülarə Əziz qızı Əliyeva (17.11.1933 – 1991) vəfat edib. “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir.
27 iyul 2012 – Əməkdar rəssam, Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, professor Zahid İsa oğlu Hüseynov (20.3.1945 – 2012) vəfat edib.
Hazırladı: Vüqar Orxan