İyulun 25-də ADA Universitetində beşinci “Yüksəliş” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsi Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, “Yüksəliş” müsabiqəsi Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov, səhiyyə naziri Teymur Musayev, mədəniyyət naziri Adil Kərimli, ADA Universitetinin rektoru Hafiz Paşayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsi üzrə işçi qrupunun rəhbəri Fərhad Hacıyev, habelə ekspertlər və qaliblər iştirak ediblər.

Çıxış edənlər “Yüksəliş” müsabiqəsinin ölkədə effektiv idarəçiliyin təşviqi və yeni nəsil idarəçilərin yetişdirilməsi baxımından strateji platformaya çevrildiyini vurğulayıblar. Bildirilib ki, müsabiqə təkcə seçim və qiymətləndirmə mərhələlərindən ibarət olmayıb, həm də iştirakçılar üçün praktiki bilik və təcrübə imkanları yaradaraq onların fərdi və peşəkar inkişafına mühüm töhfə verib.

Tədbirin sonunda beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.

Qeyd edək ki, budəfəki “Yüksəliş” müsabiqəsinin final mərhələsi 18-20 iyul tarixlərində keçirilib. Finalda müsabiqənin dörd mərhələsini uğurla başa vuran 124 nəfər iştirakçı mübarizə aparıb. Yekunda 20 iştirakçı qalib adını qazanıb.

Qaliblər qarşıdakı dövrdə idarəetmə sahəsində daha geniş imkanlara sahib olmaqla yanaşı, 20 min manat məbləğində pul mükafatı, həmçinin birillik fərdi Mentorluq proqramından faydalanmaq imkanı əldə edirlər. 

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis edilib. Dövlətimizin başçısı beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı 2024-cü il dekabrın 18-də Sərəncam imzalayıb.

5-ci “Yüksəliş” müsabiqəsinin qaliblərinin siyahısı:

  1. Ələsgərov Kamran Tahir oğlu
  2. Mustafayev Fərid Vüsal oğlu
  3. Sadıxlı Kamran Tahir oğlu
  4. Məmmədov İbrahim Allahverdi oğlu 
  5. Balacanov Məmməd Şahrəddin oğlu
  6. Həsənov Məmməd İslam oğlu
  7. Daşdiyev Qoşqar Ramiz oğlu
  8. Həsənverdiyev Şəhriyar Ələkbər oğlu
  9. Kərimli Əli İdrak oğlu
  10. Mirzəzadə Elnur Ceyhun oğlu
  11. Nağıyev Orxan Mayıl oğlu
  12. Hüseynov Numrəddin İlham oğlu
  13. Hüseynli Mirqəni Mir Kamal oğlu
  14. Ağayev Əliağa Əlifağa oğlu
  15. Hüseynzadə Ramil Mahmud oğlu
  16. Xəlilov Toğrul Mehman oğlu
  17. Eyyub Fatimə Elçin qızı
  18. Məmmədli Elnur Yasin oğlu 
  19. Hüseynov Fərid Şahin oğlu 
  20. Əsgərxanlı İrşad Natiq oğlu