Tarixdəki olaylar
25 iyul 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin nizami ordu hissələri Muğan-Lənkəran bölgəsində üsyanı yatırıblar. 1919-cu ilin mayında bölgədəki rus əhalisi (çar Rusiyası dövründə köçürülmüş molokanlar) bolşeviklərin təşviqi ilə üsyan qaldırmış və “Muqan Sovet Respublikası” adlı qondarma qurumun yarandığını elan etmişdi.
25 iyul 1990 – SSRİ-nin ali partiya orqanı – Sov. İKP Mərkəzi Komitəsi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə qərar qəbul edib. Moskvanın ermənilərə qarşı bu addımı 1990-cı ilin mayında Ermənistanda keçirilmiş parlament seçkilərində millətçi və müstəqillik tərəfdarı Erməni Ümummilli Hərəkatının qalib gəlməsi ilə bağlı idi. Qərarın icrası üçün Dağlıq Qarabağdakı erməni silahlı dəstələrinin qismən tərksilah edilməsi ilə bağlı bir neçə əməliyyat (o cümlədən 1991-ci ilin aprel-may aylarında) keçirildi. Lakin tezliklə erməni millətçiləri Kreml dairələri ilə dil tapmağa müvəffəq oldular və bu qərar da əsas etibarilə kağız üzərində qaldı.
25 iyul 1992 – Gürcüstanın Abxaziya bölgəsində (Abxaziya Muxtar Respublikası) münaqişə alovlanıb. Muxtar respublika rəhbərliyinin Gürcüstanın tərkibindən çıxmaq barədə qərarından sonra aparılan siyasi dialoq nəticə verməyib və hərbi toqquşmalar başlanıb. Bu, Dağlıq Qarabağ (Azərbaycan), Dnestryanı (Moldova) və Cənubi Osetiyadan (Gürcüstan) sonra postsovet məkanında dördüncü regional münaqişə idi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
25 iyul 1905 – Yəhudi əsilli Avstriya yazıçısı, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1981) Elias Kanetti (1905 – 14.8.1994) Bolqarıstanın Ruse şəhərində anadan olub. Əsərləri: “Şöhrətpərəstlik komediyası”, “Kütlə və hakimiyyət” və s.
25 iyul 1910 – Türkiyənin dublyaj sənətçisi, tərcüməçi (almancadan), qəzet yazarı Adalet Cimcoz (1910 – 13.3.1970) anadan olub. Kinoda Türkan Şoray, Fatma Girik və başqa məşhurların oynadığı rolları səsləndirib.
25 iyul 1929 – Rus yazıçısı, rejissor Vasili Makaroviç Şukşin (1929 – 2.10.1974) anadan olub. Filmləri: “Belə bir oğlan yaşayır”, “Qəribə adamlar”, “Qırmızı başınağacı” (hər üçündə ssenarist, rejissor, sonuncu filmdə həm də baş rol ifaçısı).
25 iyul 1935 – Şair, publisist, Dövlət mükafatı laureatı Məstan Günər (Məstan Rəsul oğlu Əliyev; 1935–2010) Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. Lirik şeirləri ilə yanaşı, uşaqlar üçün mənzum nağılların müəllifidir.
Hazırladı: Vüqar Orxan