Tarixdəki olaylar
24 iyul 1923 – Yaxın Şərq və keçmiş Osmanlı imperiyası üzrə Lozannada (İsveçrə) 1922-ci ildə başlanan beynəlxalq konfrans başa çatıb. Konfrans Osmanlının məcburən imza atdığı Sevr müqaviləsini (10 avqust 1920-ci il) tanımayan Türkiyənin tələbi ilə çağırılmışdı. Lozanna konfransının yekun sənədi Sevr müqaviləsini ləğv etdi və Türkiyənin ərazisi indiki sərhədlər çərçivəsində təsbit olundu.
24 iyul 2001 – Bakı İran hərbi gəmilərinin Xəzərdə kəşfiyyat aparan Azərbaycan gəmilərini təhdid etməsi ilə bağlı bu ölkəyə etiraz notası verib. Bir gün öncə, iyulun 23-də Xəzərin cənubunda (İran-Azərbaycan dəniz sərhədi), "Araz-Alov-Şərq" strukturunda bp (Böyük Britaniya) şirkətinin sifarişi ilə kəşfiyyat işləri aparan "Geofizik-3" və "Əlif Hacıyev" gəmiləri İranın hərbi gəmiləri tərəfindən hücuma məruz qalaraq ərazini tərk etməyə məcbur olmuşdu. Hadisə İran-Azərbaycan münasibətlərində kəskin rezonans doğurdu. Münasibətlərdəki gərginlik 2002-ci ildə Prezident Heydər Əliyevin İrana səfərindən sonra aradan qalxdı. Eyni zamanda, Azərbaycan Xəzərin statusuna dair mübahisələr və İranla dəniz sərhədi problemi həll edilənə qədər "Araz-Alov-Şərq" strukturunda kəşfiyyat işlərini dayandırdı.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
24 iyul 1802 – Fransız yazıçısı, tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma (Alexandre Dumas, pere; 1802 – 5.12.1870) anadan olub. Əsərləri: “Qraf Monte Kristo”, “Üç muşketyor”, “Qara zanbaq”, “Kraliça Marqo” (romanlar), “III Henrix və onun sarayı” (dram) və s.
24 iyul 1803 – Fransız bəstəkarı Adolf Adan (Adolphe Charles Adan; 1803 – 3.5.1856) anadan olub. “Jizel” və “Korsar” baletlərinin müəllifidir.
24 iyul 1828 – Rus yazıçısı və ədəbiyyatşünası Nikolay Qavriloviç Çernışevski (1828 – 29.10.1889) anadan olub.
24 iyul 1857 – Danimarka yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1917) Henrik Pontoppidan (1857 – 21.8.1943) anadan olub. Əsərləri: “Müqəddəs torpaq”, “Xoşbəxt Pyotr”, “Ölülər çarlığı”.
24 iyul 1931 – İtalyan rejissoru Ermanno Olmi (1931 – 7.5.2018) anadan olub. Filmləri: “Başmaqlar üçün ağac” (Kann festivalının qalibi, 1978), “Müqəddəs işçi düşkünü haqqında əfsanə” (Venesiya festivalının qalibi, 1988) və s.
24 iyul 1937 – Xalq artisti, kinorejissor Yalçın Əliheydər oğlu Əfəndiyev (1937 – 10.12.2019) Bakıda doğulub. Cizgi və sənədli filmlərin müəllifidir, “Xatirələr sahili” bədii filminə quruluş verib. “Azərbaycantelefilm”in bədii rəhbəri olub.
24 iyul 1949 – Əməkdar incəsənət xadimi, teatr rejissoru Oruc İzzət oğlu Qurbanov (1949 – 23.12.2022) Bakıda doğulub. Müxtəlif teatrlarda çalışıb, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru olub.
24 iyul 1949 – Əməkdar artist Tofiq Əbdülrəhim oğlu Hüseynov (1949 – 5.7.2020) Xırdalanda anadan olub. İrəvan, Sumqayıt Dram, Gənc Tamaşaçılar teatrlarında çalışıb. 2001-ci ildən Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.
24 iyul 1956 – Əməkdar artist Gülnar Əlifağa qızı Salmanova (1956 – 25.10.2015) Salyan rayonunun Xıllı qəsəbəsində doğulub. Musiqili Komediya Teatrının aktrisası olub.
24 iyul 2021 – Xalq artisti, müğənni Səməd Səmədov (17.9.1946 – 2021) vəfat edib.
Hazırladı: Vüqar Orxan