İyulun 23-də Şuşada Vaqif Poeziya Günləri söz sənətinə bağlı daha bir tədbirlə davam edib.
Tədbir çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabının təqdimatı olub.
Çıxış edənlər Vaqif Poeziya Günlərinin ədəbiyyatsevərləri bir araya gətirən mühüm mədəni hadisə olduğunu vurğulayıblar. Bildirilib ki, bu gün Şuşada poeziya təkcə oxunmur, həm də hiss olunur, yaşayır, yaddaşlara köçür. Poeziyanın beşiyi sayılan Şuşada belə tədbirlərin keçirilməsi xalqımızın ədəbi-mədəni həyatında xüsusi əhəmiyyət daşıyır.
Xalq yazıçısı Anarın kitabı haqqında fikirlərini bölüşən çıxışçılar qeyd ediblər ki, bu əsər təkcə ailə salnaməsi deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini birləşdirən ədəbi körpüdür. Kitabda yer alan yazıçılar və şairlər Azərbaycanın söz sənətində iz qoymuş, cəmiyyətin mənəvi həyatına yön vermiş nəhəng şəxsiyyətlərdir.
Vurğulanıb ki, Anar bu əsəri ilə həm tarixi faktları sənətkarlıqla təqdim edib, həm də ədəbi nəsillər arasında görünməz, lakin möhkəm bir bağ yaradıb. Kitabın daxilində toplanan şeirlər isə Anarın poetik düşüncə tərzini daha yaxından tanımaq imkanı verir.
Nəfis tərtibatlı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəslə həsr olunub. Bu nəşr onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
Xalq yazıçısı Anar kitabdakı qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək, ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edib.
Yalnız ideya-məzmunca deyil, struktur-formaca da son dərəcə orijinal, cəlbedici olan “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” əsərində Anar qəhrəmanlarının hər birinin obrazlarını müxtəlif illərdə və müxtəlif ədəbi üsullarda yaratmış olsa da, kitab o qədər bütöv, bitkin və ardıcıldır ki, tarixi fərqlər əsla duyulmur.
Diqqətə çatdırılıb ki, kitabın başqa bir məziyyəti isə ora Anarın şeirlər toplusunun daxil edilməsidir. Müxtəlif illərdə hərdən yazıçının şeir yaradıcılığından da xəbərdar olurduq, amma bu dəfə bu şeirlər bir kitabda toplanıb.
Kitab Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu tərəfindən fəaliyyəti bərpa edilmiş “Yazıçı” nəşriyyatında işıq üzü görüb.
Akademik Nizami Cəfərov kitaba ön söz yazıb. Nəşriyyat redaktoru Varisdir.