AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Litva Respublikasının Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus ilə görüşüb.

AMEA-dan bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli ölkəmizdə elm sahəsində həyata keçirilən islahatlardan söz açıb. Milli Elmlər Akademiyasında humanitar və ictimai elmləri əhatə edən beynəlxalq səviyyəli müştərək tədqiqatların aparıldığı, bu istiqamətdə Litva Elmlər Akademiyası və bu ölkənin elm-tədqiqat və ali təhsil müəssisələri ilə də əlaqələrin qurulması üçün geniş imkanların olduğu vurğulanıb.

İsa Həbibbəyli AMEA-nın bir sıra elmi müəssisələrinin Litva Elmlər Akademiyasının müvafiq qurumları ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb, iki Akademiya arasında əməkdaşlıq memorandumunun imzalanmasının bu əlaqələrə əlavə zəmin yaradacağını  deyib.

Səfir Litva Elmlər Akademiyası prezidentinin salamlarını çatdıraraq onun akademik İsa Həbibbəylini Litvaya səfərə dəvət etdiyini söyləyib. Litva EA ilə AMEA arasında əməkdaşlığın qurulmasında maraqlı olduqlarını deyən diplomat bunun üçün zəruri dəstəyi verəcəyini bildirib. O, birgə elmi layihələrin, alimlərin mübadiləsinin və ortaq tədbirlərin təşkili ilə bağlı təkliflər irəli sürüb.

İki ölkənin elmlər akademiyaları arasında əməkdaşlıq memorandumunun hazırlanması və bir sıra birgə tədbirlərin təşkil edilməsi barədə razılığa gəlinib. 

Səfirə kitab hədiyyə edilib.