İyulun 22-də Milli Kitabxanada Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilib.
Milli Kitabxananın elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova bildirib ki, kitabxananın arxiv fondunun mühüm hissəsini dövrü mətbuat nümunələri təşkil edir. Kitabxanada Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə 1875-ci ildə əsası qoyulan milli mətbuatın, eyni zamanda ötən illər ərzində çap olunan dövrü mətbuat nümunələrinin orijinal nüsxələrindən ibarət zəngin fondu yaradılıb.
Dövrü mətbuat mümunələrinin qorunub saxlanılmasında və gələcək nəsillərə çatdırılmasında Milli Kitabxananın əhəmiyyətli rol oynadığını vurğulayan direktor müavini fonddakı qəzet və jurnalların elektronlaşdırılaraq rəqəmsal nüsxələrinin yaradıldığını diqqətə çatdırıb.
Digər çıxış edənlər Həsən bəy Zərdabinin irsindən və müasir dövrdə medianın üzərinə düşən vəzifələrdən bəhs ediblər. Çıxışlarda Azərbaycan mətbuatının cəmiyyətin maarifləndirilməsində, ictimai rəyə təsir göstərməkdə və milli kimliyin qorunmasında oynadığı mühüm rol qeyd edilib.
Tədbir çərçivəsində kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Milli Mətbuat Günü” adlı elektron məlumat bazasının təqdimatı da keçirilib.
Elektron baza ilə bu linkdə tanış olmaq olar: https://anl.az/el/emb/M.Metbuat/index.html
Sonda “22 iyul – Milli Mətbuat Günü” adlı kitab sərgisinə baxış keçirilib.
Sərgidə Azərbaycan milli mətbuatının inkişaf mərhələlərinin bütün dövrlərini əks etdirən kitablar, “Əkinçi” qəzetinin və eyni zamanda XX əsrin əvvəllərində çap olunmuş qəzet və jurnalların nüsxələri, görkəmli jurnalist və publisistlərin, mətbuat xadimlərinin əsərləri, nadir arxiv materialları, həmçinin Azərbaycan mətbuat tarixi ilə bağlı elmi-tədqiqat işləri, biblioqrafiyalar nümayiş olunur.
***
Respublika Gənclər Kitabxanasında Milli Mətbuat Günü münasibətilə silsilə materiallar – virtual və ənənəvi sərgilər hazırlanıb.
Virtual sərgidə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən ölkəmizdə söz və mətbuat azadlığının əsasının qoyulmasına, müasir dövrdə informasiya texnologiyalarının inkişafının Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirməsinə təkan verən rəsmi sənədlərin, Azərbaycan mətbuatının keçdiyi mürəkkəb, şərəfli inkişaf yolundan və milli jurnalistikanın özəlliklərindən bəhs edən bir sıra kitabların tam mətni təqdim edilir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə “Azərbaycan qəzeti I-X cild”, “Azərbaycan mətbuat tarixi”, “Cənubi Azərbaycan mətbuatı tarixi”, “Molla Nəsrəddin jurnalı və Gəncə ədəbi mühiti”, “Mətbuat tarixi və publisistika məsələləri” kimi 30-dan çox kitabın tam mətni yer alır. Bundan əlavə, istifadəçilər virtual kitab sərgi vasitəsilə mövzu ilə bağlı mətbu nəşrlər və internet portallarından məqalələrin tam mətnindən yararlana bilərlər.
Ənənəvi kitab sərgisində fondda mövcud olan və Azərbaycan mətbuatının tarixindən, inkişaf mərhələlərindən bəhs edən 60-dan çox kitab və “Milli oyanış və tərəqqimizin “Əkinçi”si: Azərbaycan Milli Mətbuatı – 150” adlı biblioqrafik icmal sərgilənir.