İyulun 18-də Lerik rayon Mədəniyyət Mərkəzində (Lənkəran-Astara RMİ) Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova tədbir iştirakçılarını 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib. Bildirib ki, 150 il əvvəl görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi redaktorluğu ilə Azərbaycan dilində nəşrə başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai həyatının mühüm hadisəsi kimi tarixə düşüb.
Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Lerik rayon Dövlət Arxivinin müdiri Balaşirin Nəsirov, qələm adamlarından Xanlar Həmidov, Mükafat Yaqubov, Tərxan Feyziyev, Zəfər Əliyev və başqa çıxış edənlər Milli Mətbuat Günü münasibətilə ürək sözlərini, təbriklərini çatdırıblar.
Qeyd olunub ki, Azərbaycanın milli mətbuatı tarixində öz dəst-xətti olan, 1937-ci ildən başlayaraq müxtəlif adlarla nəşr edilmiş “Lerik” qəzeti rayonun iqtisadi, sosial-siyasi, mədəni həyatında mühüm rola malik olub, milli-mənəvi dəyərlərə dəstək olub. “Lerik” qəzetinin uğurlu fəaliyyətində rayonda fəaliyyət göstərən mətbuat işçilərinin, qələm adamlarının böyük əməyi olub.