İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 150 ili tamam olur. Bu, təkcə jurnalistika tariximiz üçün deyil, ümumən milli düşüncəmiz və ictimai şüurumuzun inkişafı baxımından çox mühüm hadisədir. Məlumdur ki, Azərbaycanda milli mətbuatın təməli 1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə qoyulub. Elə həmin gündən etibarən mətbuatımız keşməkeşli, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək, xalqın maariflənməsində, milli kimliyin formalaşmasında, söz azadlığının təşviqində müstəsna rol oynayıb.
Bu fikirləri AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov bildirib.
O qeyd edib ki, milli mətbuat tarixində elmi jurnalistikanın da xüsusi yeri vardır. AMEA-nın mətbuat xidməti və media resursları da onilliklər boyu elmin geniş kütlələrə çatdırılmasında, elmi düşüncənin cəmiyyətə inteqrasiyası istiqamətində mühüm vəzifələr yerinə yetirib. Hazırda AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi bu missiyanı yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirir.
"Prezident İlham Əliyev milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq Azərbaycan milli mətbuatının 150 illik yubileyinin geniş qeyd olunması haqqında sərəncam imzalayıb. 2025-ci il ölkədə həm də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin qeyd olunması ilə əlamətdardır. Həm AMEA-nın yubileyi, həm də milli mətbuatımızın 150 illiyi ölkəmizin intellektual və ictimai-mədəni inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir", – deyə şöbə müdiri əlavə edib.
Ağahüseyn Şükürov onu a diqqətə çatdırıb ki, Azərbaycanın ilk veb-saytı olan science.gov.az 1995-ci ildən etibarən göstərir. Bu il fəaliyyətə başlamasının 30-cu ilini qeyd edən science.gov.az-ın ölkəmizdə elmi jurnalistikanın inkişafında müstəsna xidmətləri vardır. Bundan əlavə, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi elmin təbliği istiqamətində müxtəlif multimedia imkanlarından istifadə edir.
“Elm TV” vasitəsilə aparıcı alim və ziyalılar, gənc tədqiqatçılarla müsahibələr yayımlanır, onlar cəmiyyətə tanıdılır, mühüm elmi nəticələr və beynəlxalq əməkdaşlıq əlaqələrinə dair məlumatlar işıqlandırılır. İnteraktiv formatda təqdim olunan videomüsahibələr və elm sahəsində baş verən dəyişikliklərə dair hazırlanmış süjetlər, elmi biliklərin vizual və daha cəlbedici formada çatdırılmasına imkan yaradır.
Şöbə tərəfindən hazırlanan “Elm və həyat” elmi-populyar jurnalı isə 1961-ci ildə təsis olunub. Fəaliyyət göstərdiyi 65 il ərzində jurnal Azərbaycan elminin tanıdılmasında, elmi biliklərin geniş ictimaiyyətə çatdırılmasında böyük rol oynayıb. Jurnal bu gün də Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası, eyni zamanda, fizika, kimya, astronomiya, kibernetika və s. elm sahələrinə aid yeni məlumatları, əldə edilmiş mühüm elmi nəticələri, dünya elmi yeniliklərini, müxtəlif elm sahələrinə aid tədqiqat materiallarını oxuculara təqdim edir.
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” (“Наука”, “Science”) qəzeti də nəşrə başladığı 1984-cü ildən elmin təbliği istiqamətində və elm ictimaiyyəti ilə cəmiyyət arasında intellektual körpü rolunu uğurla yerinə yetirir. Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən nəşrdə akademiyanın müxtəlif institutlarında və elmi müəssisələrində əldə olunan elmi-tədqiqat nəticələri, ixtiralar və digər yeniliklər haqqında məlumatlar verilir. Görkəmli alimlərlə müsahibələr, onların elmi irsi və fəaliyyəti barədə məqalələr, eyni zamanda, tanınmış alimlərin həyat və yaradıcılıq yolu ilə bağlı materiallar yer alır.
"AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi olaraq bundan sonra da elmin təbliği, elmi biliklərin cəmiyyətə çatdırılması və elm ilə ictimaiyyət arasında sağlam informasiya körpüsünün qurulması istiqamətində səylərimizi daha da gücləndirmək əzmindəyik”, - deyə Ağahüseyn Şükürov qeyd edib.