Tarixdəki olaylar

 

20 iyul 1402 – Ankara yaxınlığında Əmir Teymurun qoşunları ilə Sultan İldırım Bəyazidin başçılıq etdiyi Osmanlı ordusu arasında döyüş olub. İki türk sərkərdəsinin üz-üzə gəldiyi döyüşdə Teymur qələbə qazanıb, Bəyazid əsir götürülüb. 1405-ci ildə Əmir Teymurun ölümündən sonra qurduğu dövlət süquta doğru getdi, Osmanlı dövləti isə güclənməyə başladı.

 

20 iyul 1918 – Azərbaycan Xalq Cümhuriyyəti və türk (Osmanlı) qüvvələrinin Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu daşnak-bolşevik “Bakı Kommunası” qoşunlarına daha bir zərbə endirərək Şamaxı şəhərini azad edib. Bu arada türk qoşunları cənubdan (indiki Neftçala rayonu) irəliləyərək Bakı istiqamətinə irəliləməyə başlamışdı.

 

20 iyul 1974 – Kiprin yunan rəhbərliyinin adanın şimalında yaşayan türklərə qarşı başlatdığı deportasiya və enozis (Yunanıstana birləşdirmə) siyasətinə cavab olaraq Türkiyə adaya hərbi kontingent yeridib. Üç əsr Osmanlının tərkibində olan Kipr Balkan müharibəsindən (1878) sonra Britaniyanın nəzarətinə keçmişdi. 1960-cı ildə Kipr müstəqilliyini elan etsə də, yunan və türk icması arasında münaqişə adanı faktiki iki yerə bölmüşdü. Türkiyə Silahlı Qüvvələrinin 20 iyul “Barış hərəkatı” Kipr türklərinin xilası oldu. 1975-ci ildə Kipr Türk Federal Dövləti quruldu, 1983-cü ildə dövlətin adı dəyişdirilərək Şimali Kipr Türk Cümhuriyyəti oldu. 20 iyul ŞKTC-də Barış və Özgürlük Bayramı kimi qeyd olunur.

 

20 iyul 2001 – Prezident Heydər Əliyev Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılması barədə fərman imzalayıb. Fərmana əsasən, yeni təsisat ölkədə kütləvi informasiya fəaliyyətinə ictimai nəzarəti təmin etməli idi. Sonradan beynəlxalq ekspertlərlə (o cümlədən Avropa Şurası) aparılan məsləhətləşmələrdən sonra dövlət tərəfindən yalnız Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) yaradılması (2002) qərara alındı. Mətbuat Şurası isə 2003-cü ildə qeyri-hökumət qurumu kimi təsis edildi. Bununla yanaşı, 2009-cu Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (indiki Medianın İnkişafı Agentliyi) yaradıldı.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

20 iyul 1304 – İntibah dövrünün görkəmli italyan şairi Françesko Petrarka (Francesco Petrarca; 1304 – 19.7.1374) anadan olub.

 

20 iyul 1864 – İsveç şairi, nasir, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1931) Erik Karlfeldt (1864 – 8.4.1931) anadan olub.

 

20 iyul 1895 – Macar və amerikan rəssamı, fotoqraf və bəstəkar, konstruktivizm cərəyanının nümayəndəsi Laslo Mohoy-Nad (Laszlo Moholy-Nagy; 1895 – 24.11.1946) anadan olub.

 

20 iyul 1903 – Əməkdar incəsənət xadimi Bəxşi Həsən oğlu Qələndərli (1903 – 14.9.1985) Xankəndidə doğulub. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında baş rejissor, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor işləyib.

 

20 iyul 1924 – Rus rejissoru, SSRİ Xalq artisti Tatyana Mixaylovna Lioznova (1924 – 29.11.2011) anadan olub. Filmləri: “Baharın on yeddi anı” teleserialı, “Karnaval” və s.

 

20 iyul 1933 – Əməkdar rəssam Məmmədəli Namazəli oğlu İsmayılov (1933 – 21.8.2010) Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşçu rəssam işləyib.

 

20 iyul 1936 – Tarixçi, arxeoloq, AMEA-nın müxbir üzvü Vəli Hüseyn oğlu Əliyev (1936–2020) Şəki rayonunun Daşbulaq kəndində anadan olub.

 

20 iyul 1946 – Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Ağahüseyn oğlu Dadaşov (1946–2017) Bakıda anadan olub. Bir sıra filmlərin (“Yol əhvalatı”, “Qətl günü” və s.) ikinci rejissoru olub, sənədli filmlər çəkib.

 

20 iyul 1948 – Xalq artisti, aktyor, rejissor Ramiz Hacıağa oğlu Əzizbəyli (1948 – 9.6.2021) Bakıda anadan olub. Filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb, “Pirverdinin xoruzu”, “Bəxt üzüyü”, “Yalan” bədii filmlərinə quruluş verib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.

Hazırladı: Vüqar Orxan