Xəbər verildiyi kimi, oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib.
Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib.
Əvvəlcə Qazaxıstan Prezidenti çıxış edib.
– Hörmətli İlham Heydər oğlu.
Hörmətli həmkarlar.
Əvvəlcə Sizi Qazaxıstan Respublikasına rəsmi dövlət səfərində bir daha salamlamaq istərdim. Bu səfər çox mühüm, deyə bilərəm ki, strateji tərəfdaşlığın, müttəfiqlik münasibətlərinin, nəhayət, qardaş xalqlarımız və dövlətlərimiz arasında dostluğun möhkəmlənməsi baxımından çox mühüm əhəmiyyətə malikdir.
Sizi Ali Dövlətlərarası Şuranın ikinci iclasında salamlayıram. Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin bu formatı etimada və qarşılıqlı dəstəyə əsaslanan Qazaxıstan-Azərbaycan münasibətlərinin xüsusi statusunu təsdiqləyir. Şura ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə razılaşdırılmış qərarların işlənib hazırlanması üçün səmərəli platforma kimi çıxış edir.
Azərbaycan Qazaxıstan üçün xüsusi ölkə, qardaş dövlətdir. Bizi ortaq tarixi köklər, zəngin mənəvi-mədəni irs, nəhayət, uyğun mentalitet, hadisələrə, vəziyyətin inkişafına baxış birləşdirir. Bu möhkəm zəmində çoxtərəfli əməkdaşlığımızı uğurla inkişaf etdiririk.
İlham Heydər oğlu, Sizin dövlət səfərinizə xüsusi əhəmiyyət verirəm. Biz artıq mahiyyətcə ən açıq, sərbəst ab-havada fikir mübadiləsinə başladıq. Çox şadam ki, gündəliyin bütün əsas məsələləri üzrə - istər ikitərəfli əməkdaşlıq, istərsə də beynəlxalq münasibətlər üzrə ortaq məxrəcə gəlirik. Bu gün mətbuat konfransında bu mövzuya bir daha toxunacağam, çünki Sizin həm öz dövlətinizin rifahı naminə, həm də əlbəttə ki, beynəlxalq şəraitin sağlamlaşdırılması üçün fəaliyyətinizə və gördüyünüz işlərə dair öz nöqteyi-nəzərimi çatdırmağı zəruri hesab edirəm.
Sizin səfərinizin ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin 20-ci ildönümünə təsadüf etməsi rəmzi məna daşıyır. Biz bu illər ərzində fəal siyasi dialoq qurmuşuq, iqtisadi-ticari və mədəni-humanitar qarşılıqlı fəaliyyətin davamlı inkişafı üçün möhkəm müqavilə-hüquqi baza yaratmışıq. Belə bir kompleks, ardıcıl iş iki dövlətin vətəndaşları tərəfindən tam dəstəklənir.
Hörmətli İlham Heydər oğlu, Qazaxıstan-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəsi, ilk növbədə, Sizin şəxsi töhfəniz sayəsindədir. Mən Sizin bu məsələyə daimi dəstək və diqqətinizi dərindən, yüksək qiymətləndirirəm. Müasir Azərbaycanın bütün möhtəşəm nailiyyətləri Sizin qurucu, güclü liderliyinizlə ayrılmaz şəkildə bağlıdır.
Azərbaycan ilə Ermənistan arasında münaqişənin sülh yolu ilə nizamlanmasına dair Bəyannamənin tarixi əhəmiyyətini ayrıca qeyd etmək istəyirəm və ABŞ Prezidenti Donald Tramp tərəfindən haqlı olaraq qeyd edilib ki, Siz çox güclü mövqeyə malik olmağınıza rəğmən belə bir çox mühüm sənədin imzalanmasına razı oldunuz. Bu, Azərbaycanın və Sizin rəhbərliyinizlə Azərbaycan xalqının xüsusi mövqeyindən və öz potensialına inamından xəbər verir. Sizin göstərdiyiniz qətiyyətli siyasi iradə, strateji baxış mürəkkəb məsələlərin həllində və gələcək nəsillərin taleyi üçün məsuliyyətdə müdrik yanaşmanın parlaq nümunəsidir. Heç şübhəsiz ki, iki dövlət arasında əldə olunmuş razılaşmalar bir növ “suayırıcı” oldu və bütün regionda, zənnimcə, onun hüdudlarından kənarda da əməkdaşlığın yeni üfüqlərini açır.
Biz qardaş Azərbaycanın uğurlarına ürəkdən sevinirik, güclü, mütərəqqi dövlət quruculuğu üzrə yüksək məqsədlərin uğurla həyata keçirilməsini arzulayırıq və heç bir şübhə yoxdur ki, Sizin güclü rəhbərliyinizlə bütün bu məqsədlərə nail olunacaq.
Münasibətlərimizə gəldikdə, onların tam şəkildə həyata keçirilməsi üçün böyük potensial var – sarsılmaz etimad, ortaq dəyərlər, xalqlarımızın yaxınlaşmağa səmimi səyləri mövcuddur. Ona görə də əminəm ki, ölkələrimizi böyük gələcək gözləyir.
Sözü Sizə vermək istərdim.
***
Sonra dövlətimizin başçısı çıxış edib.
– Hörmətli Kasım-Jomart Kemeleviç, sağ olun.
Hörmətli dostlar.
Əvvəlcə qonaqpərvərliyə, qardaş Qazaxıstana dövlət səfərinə dəvətə görə Sizə, Kasım-Jomart Kemeleviç təşəkkürümü bildirmək istərdim.
Siz qeyd etdiyiniz kimi, biz artıq həm dünən, həm də bu gün ikitərəfli gündəliyin bir çox məsələsi, həmçinin regional məsələlər, beynəlxalq siyasət mövzuları üzrə fikir mübadiləsi aparmaq imkanına malik olduq. Müzakirə edilən mövzular üzrə mövqelərin tam uyğun gəlməsi, həmçinin müttəfiqlik qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə istiqamətlənmək sevindirici haldır.
Sizi və qardaş Qazaxıstanın bütün xalqını ölkənin sosial-iqtisadi inkişafında böyük uğurlar, Qazaxıstanın beynəlxalq arenada rolunun və nüfuzunun möhkəmlənməsi münasibətilə də təbrik etmək istərdim. Sizin dostlarınız və qardaşlarınız olaraq buna səmimi-qəlbdən sevinirik və əminik ki, Qazaxıstan Sizin rəhbərliyiniz ilə gələcəkdə də inkişaf yolu ilə, milli maraqlara əsaslanan müstəqil xarici siyasətin həyata keçirilməsi yolu ilə irəliləyəcək.
Həmçinin Cənubi Qafqaz regionunda sülh prosesinə verdiyiniz qiymətə görə Sizə təşəkkürümü bildirirəm. Torpaqlarımız uzun illər ərzində işğal altında olanda Qazaxıstan həm ikitərəfli formatda, həm imzalanmış sənədlər, həm də Qazaxıstanın beynəlxalq təşkilatlarda mövqeyi çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini ifadə edib. Biz həmişə bu dəstəyi hiss etmişik və buna görə Sizə çox minnətdarıq.
Bu gün Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayır, hətta deyərdim ki, artıq yeni mərhələ başlayıb. Sonuncu hərbi toqquşmalardan ötən cəmi iki ildən az bir müddətdə sülh sazişinin paraflanması ondan xəbər verir ki, hər iki ölkə kifayət qədər yüksək siyasi iradə nümayiş etdirib. Əlbəttə, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında rolu ən yüksək qiymətə layiqdir.
Avqustun 8-də Vaşinqtonda keçirilən Sammit mahiyyətcə çoxillik münaqişəyə son qoydu və inkişaf, o cümlədən geniş regional kontekstdə - Avrasiya qitəsində tərəqqi üçün böyük perspektivlər açır.
Biz, həmçinin bu gün Orta Dəhliz üzrə keçirilən qısa təqdimat çərçivəsində fikir mübadiləsi apardıq. Bu gün bu istiqamətdə diskussiyaları hələ davam etdirəcəyik. Zəngəzur dəhlizinin yaxın illərdə açılması nəqliyyat və logistika ilə bağlı məsələlərdə ötürücülük qabiliyyətini xeyli artıracaq.
Bu yaxınlarda Hökumətlərarası Komissiyanın müsbət iclası oldu. İqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi üzrə ciddi nailiyyətlər əldə olunub, əmtəə dövriyyəsi artır və bu, təbii ki, bizi çox sevindirir. Təsis etdiyimiz Birgə İnvestisiya Fondu da böyük potensiala malikdir. Artıq həyata keçirilmə mərhələsində olan bir neçə layihə mövcuddur və konkret layihələrin nəzərdən keçirilməsi, Birgə İnvestisiya Fondu mexanizmi ilə müştərək maliyyə ilə bağlı təkliflər var.
Həmçinin Qarabağ bölgəsinin bərpasına göstərilən dəstəyə görə təşəkkürümü bildirmək istərdim. Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi artıq aktiv fəaliyyət göstərir. Biz onu Sizinlə birlikdə açdıq, Qarabağ bölgəsinin inkişafı və bərpası işinə belə bir töhfəyə görə çox minnətdarıq. Hazırda bu Mərkəzdə 100-ə yaxın uşaq təhsil alır və təbii ki, o, praktiki funksiyaları ilə yanaşı, həm də Qazaxıstan-Azərbaycan dostluğunun daha bir ocağıdır.
Humanitar əməkdaşlığa gəldikdə, keçən il və ondan əvvəlki illərdə Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin və Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini qeyd edərdim. Hesab edirəm ki, bu cür tədbirlər mütəmadi, daimi xarakter daşımalıdır. Ola bilər ki, həm paytaxtlarda, həm də bütün regionlarda müntəzəm mədəniyyət günlərinin keçirilməsi üzrə mədəni qarşılıqlı fəaliyyətin yol xəritəsi hazırlansın.
Həmçinin energetika sektorunun inkişafında, ənənəvi və bərpaolunan mənbələr üzrə böyük potensiala malikik. Keçən ilin noyabrında biz Xəzərin dibi ilə elektrik kabelinin tikintisi üzrə üçtərəfli müqavilə imzaladıq. Zənnimcə, bu gün həmin mövzuda da danışacağıq.
Ümumilikdə gündəlik kifayət qədər genişdir, qarşılıqlı fəaliyyətin demək olar ki, bütün əsas sahələrini əhatə edir.
Qonaqpərvərliyə, həmçinin Azərbaycana səmimi dost münasibətə, eyni zamanda, ikitərəfli əməkdaşlığımızla bağlı bütün məsələləri öz şəxsi nəzarətinizdə saxladığınıza görə Sizə bir daha minnətdarlığımı bildirmək istərdim. Sağ olun.
Prezident Kasım-Jomart Tokayev: Hörmətli cənab Prezident, Sizə təşəkkür edirəm.
***
Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub.
Əvvəlcə prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev “Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanatı”nı, “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair 1 saylı Qərarı”nı və “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2 saylı Qərarı”nı imzaladılar.
Sonra Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi oldu.
“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qazaxıstanın ədliyyə naziri Yerlan Sersembayev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın daxili işlər naziri Yerjan Sadenov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın Strateji Planlaşdırma və İslahatlar Agentliyinin sədri Aset İrqaliyev mübadilə etdilər.
“Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Qazaxıstan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın Baş prokuroru Berik Asılov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın səhiyyə naziri xanım Akmaral Alnazarova mübadilə etdilər.
“Samruk Kazına” Səhmdar Cəmiyyəti ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) arasında Əməkdaşlıq Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstanın “Samruk Kazına Milli Rifah Fondu” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov mübadilə etdilər.
“Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə-investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi”ni Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qazaxıstanın “Samruk Kazına Milli Rifah Fondu” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstan Baş nazirinin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev mübadilə etdilər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi arasında süni intellekt sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstanın Baş nazirinin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev mübadilə etdilər.
“Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Qazaxıstan Respublikasının Rəqabətin Qorunması və İnkişafı Agentliyi arasında rəqabət siyasəti sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qazaxıstanın Rəqabətin Qorunması və İnkişafı Agentliyinin sədri Marat Omarov mübadilə etdilər.