Tarixdəki olaylar

 

19 iyul 1826 – İran qoşunları Araz çayını keçərək Rusiyanın nəzarətində olan Şimali Azərbaycan torpaqlarına daxil olub, ikinci Rusiya-İran müharibəsi (1826–1828) başlanıb. İran Rusiya ilə 1804–1813-cü illər müharibəsindəki məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, yenə məğlub oldu. Türkmənçay müqaviləsinə əsasən (10 fevral 1828-ci il), ruslar İranın nəzarətindəki İrəvan və Naxçıvan xanlıqlarını da ələ keçirdilər. Araz çayından şimalda bütün Azərbaycan torpaqlarının Rusiyaya ilhaqı başa çatdırıldı.

 

19 iyul 1870 – Fransa və Prussiya arasında müharibə başlayıb. 1871-ci ildə müharibədən Otto Bismarkın rəhbərlik etdiyi almanlar qalib çıxdılar. Fransa Elzas və Lotringiya bölgələrini itirdi. Fransanın üzərinə ağır təzminat qoyuldu, ordusu tərk-silah edildi. 1918-ci ildə, I Dünya müharibəsinin yekununda eyni aqibət Almaniyanı gözləyirdi.

 

19 iyul 1920 – Xalq Cümhuriyyətinin qurucularından biri, 1918–1920-ci illərdə Azərbaycan Parlamentinin sədr müavini olmuş Həsən bəy Ağayev Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib. Cümhuriyyətin süqutundan sonra onun bir sıra xadimləri hələ bolşevik Rusiyasının işğalına məruz qalmamış Gürcüstana mühacirət etmişdilər. Burada isə onları erməni terroru onları hədəf almışdı. 1920-ci ilin mayında Cümhuriyətin Baş naziri Fətəli xan Xoyski də Tiflisdə qətlə yetirilmişdi.

 

19 iyul 1949 – Fransanın Cənub-Şərqi Asiyadakı müstəmləkəsi olan Laos müstəqilliyini elan edib. Laos II Dünya müharibəsindən sonra, 1945-ci ilin oktyabrında müstəqilliyini bəyan etsə də, yenidən fransızlar tərəfindən işğal edilmişdi. Fransa keçmiş müstəmləkəsini müstəqil dövlət kimi yalnız 1953-cü ildə tanıdı.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

19 iyul 1834 – Fransız rəssamı və heykəltaraşı, impressionizmin tanınmış nümayəndəsi Edqar Deqa (Edgar Degas – Hilaire Germain de Gas; 1834 – 27.9.1917) anadan olub.

 

19 iyul 1893 – Rus şairi Vladimir Vladimiroviç Mayakovski (1893 – 14.4.1930) Gürcüstanın Kutaisi bölgəsinin Baqdadi kəndində doğulub. 1906-cı ildə ailəsi Moskvaya köçüb. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin” və s. Satirik pyesləri: “Misteriya Buff”, “Hamam” və s.

 

19 iyul 1915 – Xalq artisti, opera müğənnisi (bariton) Ağababa Balağa oğlu Bünyadzadə (1915 – 17.12.1974) Bakının Kürdəxanı kəndində doğulub. 1938-ci ildən Akademik Opera və Balet Teatrının solisti olub.

 

19 iyul 1938 – Gürcüstanın Xalq artisti, tanınmış estrada müğənnisi, aktyor Vaxtanq Konstantinoviç Kikabidze (1938 – 15.1.2023) anadan olub.

 

19 iyul 1934 – Rusiyanın Xalq artisti Aleksandr Şirvindt (1934 – 15.3.2024) anadan olub. Moskva Akademik Satira Teatrının artisti və 20 ildən artıq bədii rəhbəri olub. Çoxsaylı filmlərdə çəkilib.

 

19 iyul 1946 – Əməkdar rəssam Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli; 1946 – 4.9.2022) Bərdə rayonunun Uğurbəyli kəndində anadan olub. “Dədə Qorqud”, “Qoca qarabağlı” və s. əsərləri xüsusilə məşhurdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışıb.

Hazırladı: Vüqar Orxan