Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam və Xocalıda olub.
Dövlətimizin başçısı 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib.
Təhsil ocağının təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Bu ilin fevralında dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva burada aparılan tikinti işləri ilə tanış olublar.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində inşa edilən məktəb binasında 43 sinif, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM (elm, texnologiya, mühəndislik, sənət, riyaziyyat) mərkəzi, müasir texnoloji avadanlıqla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana, muzey, 352 yerlik yeməkxana fəaliyyət göstərəcək. Bundan başqa, məktəbdə müxtəlif tədbirlərin keçirilməsi üçün 468 yerlik akt zalı və iki qapalı idman zalı, açıq havada futbol və basketbol meydançaları da müəllim və şagirdlərin ixtiyarına verilib.
***
Prezident İlham Əliyev Ağdam şəhərində inşa edilən 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçasında da olub.
Məktəbəqədər təhsil müəssisəsinin binasında balacaların rahatlığının təmin olunması, həmçinin təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb. Binada oyun və yataq otaqları, musiqi, rəqs və idman zalları var.
***
Dövlətimizin başçısı Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.
Prezident Ağdam rayonunun Qiyaslı kəndində bərpa edilən tarixi məscidin binasına da baş çəkib.
Prezidentin köməkçisi Anar Ələkbərov görülmüş işlər barədə məlumat verib.
Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən idi. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb, dam örtüyü və günbəzlər tamamilə dağıdılıb.
Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Qiyaslı məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısındadır.
***
Daha sonra Xocalının Təzəbinə kəndinə gələn Prezident İlham Əliyev fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub.
Dövlətimizin başçısı kəndə köçən Məhəmməd Fərəcovun evinə baş çəkib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülən və həyata keçiriləcək işlər barədə məlumat verib.
Bildirilib ki, kənddə 2025-ci ilin sonunadək ümumilikdə 197 fərdi ev hazır olacaq. Gələn il isə daha 159 fərdi evin təmir-tikintisi yekunlaşacaq. 2025-ci il iyulun 14-də 28 ailə - 125 nəfər yaşamaq üçün kəndə qayıdıb.
Təzəbinə kəndi Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.
***
Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışında iştirak edib.
İstehsal müəssisəsi rayonun Daşbulaq kəndində inşa olunub. Layihə dəyəri 8,5 milyon manat olan müəssisədə 60 nəfər daimi işlə təmin edilib. İşçilərin əksəriyyəti işğaldan azad edilmiş rayonların sakinləridir. Gələcəkdə zavodda iş yerlərinin sayının 120-yə çatdırılması nəzərdə tutulur.
Müəssisənin illik istehsal gücü 16,2 milyon ədəd kərpic təşkil edir. Zavod üçün əsas xammal mənbəyi Xocalı şəhərinin yaxınlığında yerləşən “Xocalı” gil yatağıdır. Müəssisənin sahəsi bir hektara yaxındır. Bundan əlavə, 6,5 hektar ərazi xammalın saxlanılması üçün ayrılıb.
***
Prezident İlham Əliyev iyulun 18-də Xocalının Xanyurdu kəndində olub.
Dövlətimizin başçısı kəndə köçən sakinlər Rasim Cavadovun və Kərəm Abbasovun evlərinə baş çəkib.
Xanyurdu kəndi Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsinə daxildir. Kənddə 40 fərdi ev artıq əsaslı bərpa olunub, ilin sonunadək daha 65 fərdi evin bərpası nəzərdə tutulub, 2026-cı ildə isə 93 fərdi ev təmir və bərpa olunacaq. Bu il iyulun 14-də 33 ailə, ümumilikdə 122 nəfər doğma Xanyurdu kəndinə qayıdıb.
Prezident Təzəbinə və Xanyurdu kəndlərinə köçən sakinlərlə görüşüb, onlarla söhbət edib.