XX əsrin ikinci yarısında Azərbaycan mədəniyyətinin bütün sahələrinin inkişafı, geniş miqyasda təbliği və böyük nailiyyətləri Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, eləcə də Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimiz, rəssamlıq, heykəltəraşlıq, teatr, musiqi və kino sənətləri xüsusi dövlət qayğısı ilə əhatə olunmuşdur.

Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Ulu öndər dəfələrlə vurğulamışdır ki, azərbaycanlılar qədim mədəniyyətə, incəsənətə malik olan xalqdır: “Xalqımız qədim xalqdır, böyük tarixə, böyük mədəniyyətə, qədim ənənələrə malik olan xalqdır.”

Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşırdı. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Bu müdrik ifadələr də Heydər Əliyevə məxsusdur. Dahi siyasət xadimi yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. Sabahkı uğurlara təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən ulu öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır.

Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. O, Azərbaycan mədəniyyətinin inkişafında yeni dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.  Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, daim onların qayğısına qalırdı. Bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı. Ulu öndərin mədəniyyət məsələləri ilə bağlı hər çıxışı həmin sahənin gələcək inkişaf proqramına çevrilirdi.

Heydər Əliyev bütün sahələr haqqında o qədər məlumatlı idi ki, sanki bu sahənin mütəxəssisi, bilicisidir. Çünki özü də incəsənət meyilli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman onu siyasət memarına çevirdi. Çünki bu xalqın belə bir siyasət xadiminə çox böyük ehtiyacı var idi. O, müstəqil Azərbaycan kimi qüdrətli bir dövlətin memarı oldu.

Hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. Nə qədər kinoteatr, teatr binaları, muzeylər inşa olundu. Mədəniyyətimizin kadr potensialı gücləndirildi. SSRİ-nin ən nüfuzlu incəsənət təmayüllü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya dönürdülər. Sankt-Peterburqun, Moskvanın teatr, rəssamlıq, musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin aparıcı sənətkarlarıdır. Heydər Əliyev bu kadrların hazırlanmasını gələcək müstəqil Azərbaycan üçün gərəkli olacaqlarını düşünərək etmişdir. 

Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı.

Azərbaycan kinosunun böyük bir dövr inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Bizə yaxşı məlumdur ki, bir sıra filmlərimizin yaranmasında ulu öndərin şəxsi təşəbbüsü olmuşdur. “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır.

Teatrlarımız öz fəaliyyətlərini genişləndirdi. Heydər Əliyev teatrı çox sevirdi. Tez-tez premyeralara gəlir, tamaşadan sonra yaradıcı kollektivlə görüşür, onlara öz tövsiyə və tapşırıqlarını verirdi. Bu görüşlər sənət adamlarının məsuliyyətini artırır, onları öz qüvvələrini səfərbər etməyə istiqamətləndirirdi. Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə milli teatr sənətimizdə yenidən canlanma başlandı, teatrların  repertuarı zənginləşdi, maddi-texniki bazası möhkəmləndirildi, işçilərin sosial durumu yaxşılaşdı.

Ulu öndərin hakimiyyəti illərində muzey və kitabxana işi, rəssamlıq, heykəltəraşlıq və memarlıq sənəti sürətlə inkişaf etmişdir. Bakıda ucaldılmış çox dəyərli heykəllər, inşa edilmiş müasir və klassik ənənələri birləşdirən əzəmətli binalar xalqımızın milli sərvətinə çevrilmişdir. Bakı gözəlləşmiş, yeni görünüş almışdır. Elə regionlarımızda da mədəniyyətin inkişafı diqqətdən yayınmamışdır.

Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayan ulu öndərin hakimiyyəti illərində çox səmərəli tədbirlər reallaşdırılıb. Ümummilli lider Azərbaycanın sivil dünyaya inteqrasiyasına, xalqların təkcə iqtisadi, siyasi deyil, humanitar sahədə də yaxınlaşmasına dövlətçiliyi möhkəmləndirən, xalqı inkişaf etdirən ən vacib vasitələrdən biri kimi baxırdı. Dünya ilə dil tapmağın ən sınanmış və optimal yollarından biri kimi mədəni dəyərlərin qarşılıqlı dərkini və təbliğini əsas götürürdü. Bu mənada xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri, eyni zamanda, Azərbaycanda keçirilən belə tədbirlər mədəniyyətlərarası dialoqun inkişafına çox gözəl yol açırdı.

Ulu öndərin fəaliyyəti incəsənətimizin bu gün ən dəyərli mövzusudur. Onun haqqında çəkilən filmlər, yaradılan musiqi əsərləri və ədəbi əsərlər xalqımızın milli-mənəvi sərvətidir və gələcək nəsillər onlardan çox şey öyrənəcəklər. “Əsl məhəbbət haqqında” (rejissor Vaqif Mustafayev) filmi ulu öndərin yüksək insani keyfiyyəti haqqında həqiqətləri tamaşaçılara çatdırır. Bu film Heydər Əliyevə həsr olunan on filmdən biridir. “General”, “Birinci”, “Moskva, Kreml”, “Lider”, “Tale”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Xüsusi təyinat” kimi digər filmlər də böyük şəxsiyyətin həyat və fəaliyyətinin çox uğurlu ekran versiyasıdır.

Heydər Əliyevin mədəniyyət siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mədəniyyətin müxtəlif sahələri – teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır.

Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün onun adını şərəflə daşıyan fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi layihə və tədbirlər olduqca əhəmiyyətlidir.

Bu gün paytaxtımızın memarlıq irsinə rəng qatan Milli Xalça Muzeyi, müasir dünya memarlığının incisi olan möhtəşəm Heydər Əliyev Mərkəzi, Bakıda, eləcə də azad Qarabağımızda fəaliyyət göstərən Muğam mərkəzləri, şəhər və rayonlarımızın yenilənən mədəniyyət ocaqları sırasında xüsusi yeri olan Heydər Əliyev mərkəzləri, muzey kompleksləri – bütün bunlar Heydər Əliyev ideyalarından güc alan mədəniyyət siyasətinin real nəticələridir.

“Heydər Əliyev və mədəniyyət” mövzusu tükənməz xəzinədir. Çünki bugünümüzün reallıqları məhz həmin ideyalardan güc alır. Doğrudan da, bu dahi şəxsiyyətin yaratdığı fundamental mədəniyyət konsepsiyasının əhəmiyyəti olduqca böyükdür. “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında , xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz” – Ulu öndərin bu kəlamları bir vətəndaş olaraq  hər birimizi Azərbaycan mədəniyyətini qorumağa, milli mənəvi dəyərlərimizdən ruh almağa ruhlandırır.

Lena Əzizova

Yasamal rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi