Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin zəngin tarixi var. Müasir dövrdə bu əlaqələr genişlənərək inkişaf edir. İki ölkənin tanınmış incəsənət xadimləri də öz fəaliyyətləri ilə qarşılıqlı əməkdaşlığa, xalqlarımızın dostluğuna töhfə verirlər.
Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən Sahib Paşazadə bu günlərdə “Özbəkistanın mədəniyyət elçisi” fəxri adına layiq görülüb. Virtuoz ifaçı dost ölkədə yaxşı tanınır və sənəti ilə böyük rəğbət qazanıb. O, Özbəkistanın iki mötəbər musiqi yarışmasının – Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının (2017, Qran-pri mükafatı), Şəhrisəbz şəhərində təşkil olunan I Beynəlxalq “Makom” Festivalının (2018, 1-ci yer) qalibi olub. Dəfələrlə Daşkənd, Səmərqənd, Buxara, Nəvai, Xivə, Ürgənc və digər şəhərlərdə keçirilən mədəni tədbirlərdə ölkəmizi layiqincə təmsil edib.
Məhz bu məhsuldar fəaliyyət nəticəsində Sahib Paşazadənin rəhbərlik etdiyi Beynəlxalq Muğam Mərkəzi ilə Özbəkistanın ali təhsil müəssisələri və muğam üzrə mərkəzləri arasında sıx əlaqələr qurulub, əməkdaşlıq memorandumları imzalanıb.
Sənətkarın mütəmadi olaraq Özbəkistanın musiqi təhsili müəssisələrində verdiyi ustad dərsləri də yüksək qiymətləndirilir. 2025-ci ilin aprel ayında Özbəkistanın Xivə şəhərində keçirilən IV Beynəlxalq Baxşı Festivalında və II Türk Dünyası Mədəniyyət Forumunda fəxri qonaq qismində iştirak edən tarzənin Yunus Rəcəbi adına Özbəkistan Musiqi Sənəti İnstitutunun “Fəxri professoru” adına layiq görülməsi bunun sübutudur.
“Fəxri professor” diplomunu Sahib Paşazadəyə təqdim edən Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov ifaçının iki ölkə arasında musiqi sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə bu ada layiq görüldüyünü vurğulayıb. Öz növbəsində Sahib Paşazadə fəaliyyətinə göstərilən diqqətə görə institutun rektoru Eldor Şermanova təşəkkürünü bildirib. Qeyd edib ki, hər iki xalq bir-birinin mədəniyyətindən zaman-zaman bəhrələnib və ildən-ilə möhkəmlənən qardaşlıq əlaqələri ortaq musiqi irsimizin daha da zənginləşməsinə zəmin yaradır.
Xatırladaq ki, bundan əvvəl Əməkdar artist Sahib Paşazadə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun “Fəxri professoru” adına layiq görülmüşdü.