Macarıstanın UNESCO-nun Dünya İrs Siyahısında yer alan Pannonhalma Regional Monastırındakı qədim kitabxana bu günlərdə ciddi təhlükə ilə üz-üzədir.

Təkcə bu ölkənin deyil, bütövlükdə dünyanın ən qədim kitabxanalarından olan və 400 min nüsxə əlyazma və nəşrin qorunduğu bu məkan “aptek böcəyi” (stegobium paniceum) həşəratının istilasına məruz qalıb.

Türkiyə mediasının yazdığına görə, adətən, quru qidalarda (un, taxıl, ədviyyatlar və s.) olan bu kiçik qəhvəyi həşəratları (“çörək böcəyi” də deyilir) kitab çapında istifadə olunan jelatin və nişasta əsaslı yapışdırıcılar özünə cəlb edib.

Kitabxanada aparıcı bərpaçı kimi fəaliyyət göstərən Sofia Edit Hajdu fondun təxminən 100 nüsxə kitab və əlyazmanın yerləşdiyi bölməsində bu həşərata rast gəlindiyini deyib. "Böcəklər bir neçə hissədə göründü, lakin bütün kolleksiya indi yoluxmuş hesab olunur. Biz əvvəllər kitabxanada heç vaxt bu miqyasda həşərat istilası görməmişdik”, – deyə bərpaçı bildirib.

Onun sözlərinə görə, rəflərdə qeyri-adi toz təbəqəsi müşahidə edilib. Məlum olub ki, bəzi kitablarda artıq kiçik deşiklər əmələ gəlib: “Təxminən 100 min nüsxə əl işi kitab bərpa qrupları tərəfindən rəflərdən çıxarılaraq xüsusi yeşiklərə yerləşdirilib. Kitablarda rast gəlinən ziyanvericilərə qarşı dezinfeksiya işləri aparılacaq. Kitablar oksigensiz, yalnız xalis azot olan plastik torbalarda təxminən altı həftə saxlanılacaq. Bu prosesin sonunda həşəratların tamamilə məhv olması gözlənilir. Yenidən rəflərə qoyulmazdan əvvəl hər bir kitab ayrı-ayrılıqda yoxlanılacaq, tozsoranla təmizlənəcək və zədələnmiş hissələr bərpa olunacaq”.

Qeyd edək ki, 996-cı ildə, Macarıstan Krallığı qurulmamışdan əvvəl tikilən monastır ölkənin və Mərkəzi Avropanın ən mühüm dini və mədəniyyət mərkəzlərindən hesab olunur. Osmanlı fəthi də (1526) daxil olmaqla əsrlər boyu müharibələrdən və dağıntılardan salamat çıxan monastır min il sonra – 1996-cı ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Buradakı kitabxananın kolleksiyasında XIII əsrə aid İncil, nadir əlyazma və kitablar qorunur. Nadir kitablar xüsusi bölmələrdə saxlanıldığı üçün mütəxəssislər böcəklərin onlara zərər vermədiyini düşünürlər.

Hazırladı: F.Yunisli