
7–12 noyabr tarixlərində paytaxtımızda növbəti kino yarışması – 16-cı Bakı Beynəlxalq Film Festivalı (BBFF) keçiriləcək.
Ötən ildən tammetrajlı filmlərin də qəbul edildiyi festivalda müsabiqə əsas iki kateqoriya – debüt tammetrajlı bədii filmlər və qısa filmlər üzrə aparılacaq.
Filmlər müsabiqəyə https://filmfreeway.com/bakufilmfest platforması və festivalın saytı – www.filmfestival.az üzərindən göndərilir.
Filmlərin qəbulu üçün son tarix: 1 avqust 2025-ci il.
Müsabiqədə iştirak edəcək filmlərin siyahısı oktyabrın 10-da festivalın saytında və sosial şəbəkə hesablarında yerləşdiriləcək.
Müsabiqəyə qatılan filmləri beynəlxalq arenada yüksək mükafatlara layiq görülən əcnəbi və yerli kinematoqrafçıların təmsil olunduğu münsiflər heyəti qiymətləndirəcək.
BBFF debüt filmlərin kinonun inkişafındakı mühüm əhəmiyyətini nəzərə alaraq artıq ikinci ildir ki, debüt tammetrajlı bədii filmlərin müsabiqəsini elan edir. Məhz bu filmlər vasitəsilə kinoda yeni yaradıcı istiqamətlər, yeni tendensiyalar formalaşır, yeni imzalar meydana çıxır, eksperimentlər aparılır. BBFF də cəsarətli və qeyri-ənənəvi yanaşmalar vasitəsilə kino dilini zənginləşdirən debütantların platformasına çevrilməyi hədəfləyib.
Xatırladaq ki, Bakı Beynəlxalq Film Festivalı Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən təsis edilib. Festival ötən illər ərzində Azərbaycan kinosunda yeni istedadların ortaya çıxarılması, onların diqqət mərkəzində olması üçün mühüm işlər görüb.