Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzi və AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümünə həsr olunmuş “Azərbaycanın inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 1969-cu ilin 14 iyul tarixində Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə respublikanın ictimai, iqtisadi və mədəni həyatında baş verən köklü dəyişikliklərdən bəhs ediblər. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Qərbi Azərbaycan məsələsinə verdiyi önəmi vurğulayıb, onun bu sahədə apardığı ardıcıl və məqsədyönlü siyasətə toxunublar.
Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov “Ulu öndər Heydər Əliyev Qərbi Azərbaycanın mədəni irsi haqqında” mövzusunda çıxış edərək Qərbi Azərbaycana qayıdış çərçivəsində Gorus rayonu ərazisindəki azərbaycanlılara məxsus memarlıq abidələri və toponimlər haqqında məlumat verib.
Sonda tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin ekspozisiyası ilə tanış olublar.