İyulun 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib.
“Konstitusiya və Suverenlik İli”nə və Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunan müsabiqənin əsas məqsədi jurnalistlərin yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, dövlət və cəmiyyət maraqlarının müdafiəsində onların potensialından səmərəli istifadə olunması və yeni jurnalist araşdırmaları üçün imkan yaradılmasıdır.
15 aprel tarixindən 15 iyun tarixinədək müsabiqəyə “Konstitusiya”, “Suverenlik” və “Milli mətbuat – 150” mövzuları üzrə məqalələr təqdim olunub.
Yazılar Əməkdar jurnalist Flora Xəlilzadə, BDU-nun kafedra müdiri Qulu Məhərrəmli və Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və nəticələrə əsasən qaliblər müəyyən edilib.
Müsabiqənin yekunlarına əsasən, “Baki-baku.az” xəbər saytının müxbiri Böyükxanım Kərimova I, “Kinobiz.az” saytının redaktoru Dilbər Mehrəliyeva II, “İkisahil.az” xəbər portalının müxbiri Yaqut Aslanova III yerin qalibi olub. Onlara Baş İdarənin diplomu və pul mükafatı təqdim edilib.
Müsabiqənin digər iştirakçılarına təşəkkürnamələr təqdim olunub.