Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi bu siyahıya əlavə olunub.

Qeyd edək ki, Ağdam rayonunda yerləşən “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları "İmarət" kompleksində yerləşir.

İşğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən Ağdam İmarət Kompleksində restavrasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib. Hazırda bu tarixi məkan mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, Qarabağ atlarının nümayiş olunması üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir.