
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsinin növbəti seminarı iyulun 15-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Lənkəran şəhər Q.Vəliyev adına Mədəniyyət Mərkəzində keçiriləcək.
MEMİM-dən verilən məlumata görə, “Aktyor sənəti: ənənə və müasirlik dilemması” adlı seminarın qonağı Xalq artisti Qabil Quliyev olacaq.
O, gənclərə aktyor sənətinin sirləri, rejissor, aktyor və tamaşaçı ünsiyyəti, ənənəvi və müasir stereotiplərin qırılması kimi mövzulardan söhbət açacaq.
Seminarın məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla milli teatrın inkişaf prosesinə töhfə vermək, həmçinin müasir tendensiyaların tətbiqi ilə gəncləri teatra cəlb etmək, aktiv yaradıcı mühit formalaşdırmaqdır.