Respublika Uşaq Kitabxanasında “Milli qurtuluşun Zəfər yolu” adlı tədbir keçirilib.
15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş tədbirdə 1 saylı Uşaq-gənclər inkişaf mərkəzinin müəllim və şagirdləri, eləcə də kitabxana əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Kitabxana əməkdaşları çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti, ölkəmizin müstəqilliyinin qorunmasında Heydər Əliyevin xidmətləri barədə məlumat veriblər.
Uşaqlara kitabxana tərəfindən nəşr edilən “Böyük azərbaycanlı” və “Lider” kitabları təqdim edilib və bu nəşrlər əsasında qısa icmal aparılıb.
Tədbirin bədii hissəsində yazıçı Zahirə Cabir uşaqlara “Ana laylası” hekayəsini oxuyub. “Sən elə bir zirvəsən” və bəstəkar Asəf Zeynallının “Rəqs” musiqi nömrələri təqdim edilib.
Tədbir çərçivəsində Milli Qurtuluş Gününə həsr olunmuş tematik kitab sərgisi də təşkil olunub.
Sonda uşaqlara kitabxananın “Göy qurşağı” jurnalı hədiyyə edilib.