Hüseyn Cavidin Ev-Muzeyində 18 may – 18 iyun "İnsan hüquqları aylığı" çərçivəsində Sükuta məhkum edilən səslər” adlı tədbir keçirilib.

Muzeydən verilən məlumata görə, tədbir böyük şair-dramaturq, repressiya qurbanı Hüseyn Cavidin (1882–1941) həbs edilməsinin (4 iyun 1937) 88-ci ildönümünə həsr edilib.

Tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və aparatın əməkdaşları iştirak ediblər.

Muzeyin direktoru vəzifəsini icra edən Lalə Əliyeva tədbiri açaraq hər il ölkəmizdə ombudsmanın təşəbbüsü ilə keçirilən “İnsan hüquqları aylığı”nın bu sahədə ictimai maarifləndirmə baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, Hüseyn Cavidin Ev-Muzeyində təşkil edilən tədbir də bu aylıq çərçivəsində həyata keçirilən işlərin tərkib hissəsidir və biz Hüseyn Cavidin simasında bütün repressiya qurbanlarıın xatirəsini yad edirik.

Ombudsman Səbinə Əliyeva çıxış edərək Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu bildirib, repressiya qurbanı olmuş Hüseyn Cavidin nəşinin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə ata-baba yurdu Naxçıvana gətirilməsindən danışıb. O, insan hüquqları pozulan bütün repressiya qurbanlarının xatirəsini anmağın hər birimizin borcu olduğunu bildirib. Ombudsman muzeylə tanışlıqdan aldığı təəssüratı da bölüşüb.

Muzeyin əməkdaşları Nübar Məmmədova “İnsan hüquqları və siyasi repressiyalar: tarixdən dərslər”, Nigar Babaxanova “Muzey və insan haqları”, Validə Həsənova “Tarixin səssiz harayları”, Kəmalə İsmayıllı “Sükuta məhkum edilən səslər”, Fatimə İsayeva “1937-ci il repressiyalarının mənəvi itkisi: Hüseyn Cavid” mövzularında çıxışlar ediblər.

Tədbirdə həmçinin muzeyin direktor vəzifəsini icra edən Lalə Əliyevanın müəllifliyi ilə çap olunmuş “Hüseyn Cavidin epistolyar irsi” kitabının təqdimatı keçirilib. Kitabda dramaturq şair Hüseyn Cavidin müxtəlif şəxslərə, həmçinin ailəsinə, iki il ərzində həbsdə olarkən və sürgündən göndərdiyi məktublar yer alıb.

Kitabın bir nüsxəsi ombudsman Səbinə Əliyevaya təqdim edilib.

Sonda tədbir iştirakçıları muzeyin fond materialları əsasında hazırlanmış “Sükuta məhkum edilən səslər” adlı tematik kitab sərgisi ilə tanış olublar.