Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycanın görkəmli hərb xadimi Əliağa Şıxlinskinin (1865–1943) həyat və fəaliyyətindən, şanlı hərb yolundan bəhs edən “Artilleriya generalı Əliağa Şıxlinski – 160” adlı daycest və videomaterial hazırlanıb.

Kitabxananın saytında (https://www.ryl.az/funds/daycest) yerləşdirilən daycestdə Əhməd Qurbanoğlunun “Artilleriya allahı”nın Port-Artur əfsanəsi Əliağa Şıxliniski – 160: Unutsaq unudularıq” adlı məqaləsinin “Şıxlinski soyadı haradan qaynaqlanır?”, “Port-Arturda çəkdiyiniz yetər”, “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” və fransız polkovnikin dedikləri”, “Ordu xalqın istinadgahıdır” kimi başlıqlar altında Əliağa Şıxlinskinin həyat və fəaliyyətinin maraqlı, tarixi əhəmiyyətli aspeklərinə işıq salınır, onun parlaq artilleriya bilicisi, yaxşı təşkilatçı, bacarıqlı müəllim olması diqqətə çatdırılır.

Daycestdə Əliağa Şıxlinski haqqında 2009-2025-ci illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə biblioqrafik təsviri və annotasiyası daxil olmaqla sərgilənir.

Bundan əlavə, kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda generalın həyat və fəaliyyətini əks etdirən fotolar, nadir videogörüntülər, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuar olan və generalın şəxsi diktəsi ilə yazılan “Xatirələrim” kitabı haqqında məlumatlar yer alır.

“Artilleriya generalı Əliağa Şıxlinski – 160” adlı videomaterial da kitabxananın saytında (https://www.ryl.az/multimedia/eliaga-sixlinski-160) yerləşdirilib.