Aprelin 11-dəAzərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində N.V.Qoqolun eyniadlı əsəri əsasında yeni quruluşda hazırlanmış “Müfəttiş” tamaşasının premyerası olub.
Mikayıl Mikayılovun quruluş verdiyi səhnə əsəri şəhər rəisi rolunu ifa edən və bu il 75 illik yubileyi qeyd olunan Xalq artisti Cəfər Namiq Kamalın benefis tamaşasıdır.
Rolları Əməkdar artistlər Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Rəşad Bəxtiyarov, Kazım Həsənquliyev, Məzahir Cəlilov, Elxan Quliyev, Əlvida Cəfərov, Aslan Şirin, aktyorlar Nigar Güləhmədova, İlahə Həsənova, Məhsəti Tahirzadə, Vüsal Mustafayev, Rüstəm Rüstəmov, Elnur Qədirov, Ramin Şıxəliyev, Cümşüd Zeynalov və Tural İbrahimov canlandırıblar.
Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, işıq üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Rafael Vaqifoğlu, rejissor assistenti Xanımbacı Həsənovadır. Əsəri dilimizə yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Sabit Rəhman tərcümə edib.
Səhnə əsəri böyük maraqla qarşılanıb. Nümayişdən sonra teatrşünas, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxış edərək tamaşa haqqında fikirlərini bölüşüblər.
Xalq artisti Cəfər Namiq Kamal təəssüratlarını bölüşərkən deyib: “Gənc yaşlarımdan Qoqolun bu əsəri üzərində işləmək istəyirdim, amma Xlestakov rolunda. Mən bu obrazı özüm üçün çox maraqlı şəkildə təhlil edirdim. Lakin nə 25 il işlədiyim Gənc Tamaşaçılar Teatrında, nə də indi işlədiyim bu teatrda Xlestakovu oynamaq şansım olmadı. Bununla belə, yubileyim münasibətilə mənə “Müfəttiş” tamaşasında şəhər rəisi rolu verildi. Bu əsər artıq Milli Dram Teatrının repertuarında idi. Amma uzun müddət idi səhnələşdirilmirdi. Mənim üçün bu yeni işdir, çox maraqlıdır”.