Tarixdəki olaylar
5 aprel 1945 – Yalta Konfransının (SSRİ, Böyük Britaniya, ABŞ) öhdəliyinə əsasən, SSRİ Yaponiya ilə neytrallıq haqqında müqaviləni (1941-ci il aprelin 13-də imzalanmışdı) qüvvədən salaraq ona müharibə elan edib. Alman faşizminin süquta yaxınlaşdığı bir vaxtda Uzaq Şərqdə təhdid doğuran Yaponiyanın öhdəsindən gəlmək SSRİ-nin üzərinə qoyulmuşdu. Yaponiya 2 sentyabr 1945-ci ildə kapitulyasiya aktı imzaladı.
5 aprel 1993 – Azərbaycan Respublikası ilə Malayziya arasında diplomatik əlaqələr qurulub. Malayziya ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
5 aprel 1900 – Amerika aktyoru, “Oskar” mükafatçısı Spenser Treysi (Spencer Tracy; 1900–1967) anadan olub.
5 aprel 1909 – Bəstəkar Asəf Zeynalabdin oğlu Zeynallı (1909 – 27.10.1932) Şuşada doğulub. Musiqi tariximizdə yeni janrların yaradıcısı, uşaqlar üçün ilk musiqi əsərinin (“Uşaq süitası”) müəllifidir. Xalq mahnılarını nota köçürüb.
5 aprel 1929 – Xalq artisti, pianoçu Çingiz Hacı oğlu Sadıxov (1929 – 30.12.2017) Bakıda anadan olub. Filarmoniyanın solisti, “Azkonsert”in bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru olub. 1994-cü ildən ABŞ-də yaşayıb. Bakıda dəfn olunub.
5 aprel 1941 – Bəstəkar, pedaqoq, Əməkdar incəsənət xadimi, Əməkdar müəllim Oqtay Məmmədağa oğlu Rəcəbov (1941 – 15.12.2022) Bakıda anadan olub. “Göyçək Fatma”, “Xeyir və Şər” uşaq operaları, musiqili komediya və s. əsərlərin müəllifidir.
5 aprel 1945 – Türk bəstəkarı və müğənnisi, türk rok musiqisinin yaradıcılarından biri Cem (Muxtar) Karaca (1945 – 8.2.2004) anadan olub.
5 aprel 1947 – Xalq artisti, rejissor Vaqif Firudin oğlu Əsədov (1947 – 19.5.2022) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.
5 aprel 2021 – Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseyn oğlu Hüseynov (14.11.1944 – 2021) vəfat edib.
Hazırladı: Vüqar Orxan