Tarixdəki olaylar
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin həmin günü erməni silahlı dəstələri tərəfindən Bakıda azərbaycanlı əhaliyə qarşı qırğınlar dəhşətli həddə çatıb. Daşnak və bolşevik (Şaumyanın başçılıq etdiyi “Bakı Soveti”) hərbi qüvvələri şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədiblər. Erməni dəstələri bir çox tikililərə, “İsmailiyyə” binasına, Təzəpir məscidinə od vurmuşdu. Kütləvi qırğınlar Qarabağın kəndlərində, Şuşada, eləcə də aprel-may aylarında Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda və başqa bölgələrdə davam edib, ümumilikdə 30 mindən çox müsəlman-türk, habelə digər millətlərdən olanlar – ləzgilər, talışlar və s. qətlə yetirilib.
Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli 690 nömrəli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
31 mart 1732 – Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn; 1732 – 31.5.1809) anadan olub. Simfoniyaların, opera, sonata, oratoriya və s. əsərlərin müəllifidir.
31 mart 1861 – Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, bənzərsiz muğam ifaçısı, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861 – 20.4.1944) Şuşada doğulub. 1906-1912-ci illərdə Kiyev, Moskva və Varşavada ilk azərbaycanlı xanəndə olaraq ifası qrammofon valına yazılıb.
31 mart 1914 – Meksika şairi, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1990) Oktavio Pas (Octavio Paz; 1914 – 19.4.1998) anadan olub.
31 mart 1926 – İngilis yazıçısı, postmodernizmin tanınmış nümayəndəsi Con Faulz (John Fowles; 1926-2005) anadan olub.
31 mart 1936 – Xalq artisti, bəstəkar Rafiq Fərzi oğlu Babayev (1936 – 19.3.1994) anadan olub. “Cəngi” folklor-caz kollektivinin yaradıcısı olub. Filmlərə (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda”) musiqi bəstələyib.
31 mart 1948 – Əməkdar rəssam İsmayıl Əsəd oğlu Məmmədov (1948 – 12.12.2016) anadan olub. Akademik Milli Dram, Musiqili Komediya teatrlarında quruluşçu rəssam işləyib.
Hazırladı: Vüqar Orxan