Martın 26-sı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq Sabit Rəhmanın (Sabit Kərim oğlu Mahmudov; 1910–1970) anadan olmasının 115-ci ildönümüdür.

Bu münasibətlə Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Sabit Rəhman – 115” adlı sərgi açılıb.

Milli Kitabxanadan verilən məlumata görə, sərgidə yazıçının əsərləri, tərcümələri, redaktoru olduğu kitablar, həyatı, yaradıcılığı haqqında ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, yazıçı, dramaturq, ssenarist Sabit Rəhman ədəbi fəaliyyətə 1926–1927-ci illərdə "Molla Nəsrəddin" jurnalında dərc etdiyi felyetonlarla başlayıb. Onun “Toy”, “Aşnalar”, "Aydınlıq", "Nişanlı qız", "Əliqulu evlənir", "Yalan", "Dirilər" və s. komediyaları Azərbaycan dramaturgiyasına zənginlik gətirib. O, "Arşın mal alan" (1945), "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?", “Ulduz” filmlərinin ssenarilərinin, “Yeddi gözəl” baletinin (Qara Qarayev) librettosunun da müəllifidir. Yazıçının ədəbi-bədii irsinə həmçinin əllidən çox hekayə, "Son faciə", "Arzular" povestləri, "Nina", "Böyük günlər" romanları və s. daxildir.