Tarixdəki olaylar
25 mart 1975 – Səudiyyə Ərəbistanı Kralı Feysəl bin Əbdüləziz Əl Səud sarayda qardaşı oğlu tərəfindən güllə ilə vurularaq öldürülüb. Feysəl 1964-cü ildə ögey qardaşı Səud bin Əbdüləziz Əl Səudu devirərək taxta çıxmışdı.
25 mart 1992 – Ali Sovetin fövqəladə sessiyasında Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul edilib. Növbədənkənar prezident seçkiləri 1992-ci il iyunun 7-nə təyin olunub.
25 mart 2000 – Milli Məclisdə Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edildikdən sonra yerinə yetirməli olduğu öhdəliklər sənədi qəbul olunub. Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin tərtib etdiyi öhdəliklər siyahısı Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri tərəfindən imzalanıb. Azərbaycan 25 yanvar 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv oldu.
25 mart 2009 – Türkiyənin Böyük Birlik Partiyasının başqanı Muhsin Yazıcıoğlu Kahramanmaraş bölgəsində vertolyot qəzasında həlak olub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
25 mart 1611 – Məşhur türk səyyahı, coğrafiyaşünas, tarixçi, şair Övliya (Evliya) Çələbi (Dərviş Məhəmməd Zilli; 1611–1682) İstanbulda doğulub. Yaxın Şərqdən Krım, Volqaboyu və Qafqazadək bir çox yerləri gəzərək gördüklərini qələmə alıb. 1656-cı ildə Bakıda olub. Ö.Çələbinin “Səyahətnamə” əsərində dövrün mühüm tarixi, mədəni, etnoqrafik mənzərəsi əks olunub.
25 mart 1897 – Teatrşünas, publisist, Əməkdar mədəniyyət işçisi Qulam Məmməd oğlu Məmmədli (1897 – 18.11.1994) Təbrizdə doğulub. “Azərbaycan teatrının salnaməsi”ni yazıb.
25 mart 1905 – Əməkdar artist Heydər Məşədi Aslan oğlu Şəmsizadə (1905–1981) Şuşada doğulub. Aşqabadda (Türkmənistan) “Arşın mal alan”ı səhnəyə qoyub, Ağdam teatrının baş rejissoru olub.
25 mart 1907 – Şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 1907 – 14.1.1952) Bakıda doğulub. Milli ruhlu şeirlərinə görə 1930-cu ildə Türkmənistana sürgün edilib. 1933-cü ildə İrana, oradan da Türkiyəyə mühacirət edib. Elazığda vəfat edib.
25 mart 1933 – Şair, dramaturq Rüfət Zülfüqar oğlu Əhmədzadə (1933 –15.12.1988) Bakıda anadan olub. “Bildirçinin bəyliyi”, “Sonuncu məhəbbət” və s. komediyaların, satirik şeirlərin müəllifidir.
Hazırladı: Vüqar Orxan