Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Füzuli şəhərində yerləşən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlamasının 1-ci ildönümü və Novruz bayramına həsr olunmuş "Füzulidə Yaradıcılıq Məktəbi" adlı düşərgə keçirilib.
Düşərgədə Füzuli şəhərindən olan məktəbyaşlı uşaqlar iştirak ediblər. Uşaqlar üçün intellektual yarışlar, əyləncəli və fiziki aktivliyə yönəlmiş proqramlar keçirilib. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyorları tərəfindən Pərvin Nurəliyevanın "Dəcəl keçi" tamaşası nümayiş olunub. Həmçinin gənc təlimçi Elnur Dəmirov tərəfindən uşaqlara "Süni intellekt və yaradıcı alətlər" mövzusunda maraqlı təlim təqdim edilib.
Axşam saatlarında isə Novruz bayramına həsr olunmuş şənlik təşkil edilib. Uşaqlar bayram tonqalı ətrafında milli rəqsləri ifa edib, Novruz ənənələrinə uyğun müxtəlif oyunlar oynayıb və musiqi sədaları altında əyləniblər.
Düşərgə müddətində həmçinin intellektual yarışlar, estafet oyunları, art terapiya və yaradıcı komanda işinə dair təlimlər təşkil olunub. Sonda iştirakçılara müxtəlif hədiyyələr və kitablar təqdim edilib.