Səməd Vurğunun Bakıdakı ev-muzeyində “Çağdaş Danimarka poeziyası” antologiyasının təqdimatı və danimarkalı şair və tərcüməçilər Nils Hav və Hüseyn Duyğunun iştirakı ilə “Danimarka poeziyası gecəsi” keçirilib.
Muzeydən verilən məlumata görə, martın 17-də təşkil olunan tədbirə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar, AYB-nin katibləri Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi, millət vəkili Fazil Mustafa, digər qonaqlar da qatılıblar.
Knud Sörensen, Benni Andersen, Uffe Harder, Erik Stinus, Lin Nilsen, Peter Poulsen, Laus Strandbi Nilsen, Henrik Norbrant, Nils Hav, Marianna Larsen, Piya Tafdrup, Tomas Böberq kimi XX əsrdən günümüzədək 12 danimarkalı şairin şeirlərinin toplandığı “Çağdaş Danimarka poeziyası” “Yeni DƏB” seriyasından “Zərdabi Nəşr”də işıq üzü görüb.
2005-ci ildən Səlim Babullaoğlunun AYB-nin nəzdində, “Dünya ədəbiyyatı” dərgisinin əlavəsi kimi təsis etdiyi “Yeni DƏB” seriyası üzrə 20-dən artıq kitab – dünya ədəbiyyatı nümunələri nəşr olunub. Bir ara nəşrində fasilə yaranan seriya AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bazasında təkrar bərpa olunub.
Danimarka şeiri ilk dəfə olaraq Azərbaycan dilində toplu halında təqdim edilir.
Antologiyanın tərcüməçiləri türk əsilli Danimarka vətəndaşı, şair-tərcüməçi Hüseyn Duyğu, Səlim Babullaoğlu (həmçinin tərtibçi, redaktor, ön sözün müəllifi), nəşrin məsləhətçisi Əsəd Cahangir, koordinatoru Rauf Aslanov, naşiri Elman Qasımovdur. Kitab üzərində Emil Camalov və Məlahət Qənbərova da çalışıblar.
Danimarkalı qonaqların Bakıya gəlişinə Mədəniyyət Nazirliyi dəstək verib.