Tarixdəki olaylar
19 mart 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ölkədə fəhlələrin iş və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılan Fəhlə məsələsi üzrə Xüsusi Müşavirənin statusunu təsdiq edib. Əmək Nazirliyinin nəzdində yaradılan məşvərətçi heyət (fəhlə və sahibkarların nümayəndələrindən ibarət) dərinləşən sosial-iqtisadi böhranda hökumətin fəhlələrlə bağlı siyasətini tənzimləməli idi.
19 mart 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında terror aktı törədilib. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.
19 mart 2004-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında yeni ərazi-inzibati vahid – Kəngərli rayonu təşkil olunub. Kəngərli rayonu muxtar respublikanın Babək və Şərur rayonlarından ayrılmış kəndlər əsasında yaradılıb. Rayonun inzibati mərkəzi Qıvraq qəsəbəsidir.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
19 mart 1901 – Xalq artisti Ələkbər Seyfulla oğlu Seyfi (1901 – 15.12.1977) Tiflisdə anadan olub.
19 mart 1907 – Əməkdar artist Sadıq Saleh Xəlil oğlu Bağırov (1907–1977) Bakıda anadan olub.
19 mart 1925 – Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Kərbəlayı Nəcəf oğlu Nərimanov (14.4.1870 – 1925) vəfat edib. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin – Xalq Komissarları Şurasının sədrı olub. 1922-ci ildən Moskvada, mərkəzi hökumətdə (SSRİ MİK) işləyib. "Nadanlıq", “Şamdan bəy”, "Nadir şah", “Bahadır və Sona” və s. əsərlərin müəllifidir.
19 mart 1928 – Tanınmış aktyor Əfrasiyab Əli oğlu Məmmədov (1928 – 18.11.1990) Gəncədə doğulub. “Qızmar günəş altında”, “Dədə Qorqud” və s. filmlərdə çəkilib.
19 mart 1938 – Türk yazar, teatr rejissoru, aktyor Dinçer Sümer (1938 – 9.9.2019) İzmirdə anadan olub.
19 mart 1994 – Xalq artisti, bəstəkar, cazmen Rafiq Babayev (31.3.1936 – 1994) Bakı metrosunda (“20 Yanvar” stansiyası) baş verən terror hadisəsində həlak olub.
Hazırladı: Vüqar Orxan