Tarixdəki olaylar
18 mart 1901-ci ildə çar Rusiyası hökuməti imperiyanın mərkəzi vilayətlərindən Azərbaycan ərazisinə – Mil və Muğan düzlərinə 40 min kəndlinin köçürülməsi barədə qərar qəbul edib. Köçürülmə nəticəsində Azərbaycanın bu bölgələrində onlarla rus yaşayış məntəqəsi yarandı.
18 mart 1915-ci ildə I Dünya müharibəsində Osmanlı ordusu ilə ingilis-fransız qoşunlarının üz-üzə gəldiyi Çanaqqala savaşının (Gelibolu yarımadası) əsas mərhələsi (dəniz savaşı) türklərin zəfəri ilə başa çatıb. Bir ay ərzində Çanaqqala limanını müdafiə edən Osmanlı qoşunları düşmən qüvvələrini geri oturdub.
Çanaqqalada quru döyüşləri 1916-cı ilin yanvarınadək sürdü. Ümumilikdə 1915-ci ilin 19 fevralından 1916-cı ilin 9 yanvarınadək (o cümlədən aprel 1915 – yanvar 1916 quru döyüşləri) davam edən Çanaqqala savaşında Osmanlı ordusu döyüş meydanında 56 min şəhid vermiş, 100 mindən çox hərbçi yaralanmışdı. Onlardan təxminən 20 mini sonradan xəstəxanalarda dünyasını dəyişdi. İttifaq (Antanta) qoşunlarının ölü sayı 50 minə yaxın idi.
18 mart Türkiyədə Çanaqqala Zəfəri və Şəhidləri Anma günü kimi qeyd edilir.
18 mart 1918-ci ildə erməni quldur dəstələri Şamaxıda azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlara başlayıb. Bir neçə gündən sonra azərbaycanlı əhaliyə qarşı qətliamlar İrəvandan Bakıyadək əksər bölgələri əhatə etdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
18 mart 1844 – Rus bəstəkarı, dirijor, pedaqoq Nikolay Andreyeviç Rimski-Korsakov (1844–1908) anadan olub. “Sadko”, “Qar qız”, “Motsart və Salyeri”, “Qızıl xoruz” operalarının, “Şəhrizad” simfonik süitasının müəllifidir.
18 mart 1916 – Şair, tərcüməçi Böyükağa Məmməd oğlu Qasımzadə (1916 – 29.8.1957) anadan olub. Rus ədəbiyyatından, M.Füzulinin “Yeddi cam” əsərini farscadan tərcümə edib.
18 mart 1922 – Dramaturq Qeybulla İbadulla oğlu Rəsulov (1922 – 11.9.1988) Qax rayonunun İlisu kəndində doğulub. Pyesləri: “Günəşlə oyananlar”, “Şəhərli oğlan”, “Bir “Volqa” məhəbbət” və s.
18 mart 1943 – Xalq yazıçısı Mövlud Süleymanlı (Mövlud Süleyman oğlu Balakişiyev; 1943 – 21.2.2024) Qərbi Azərbaycanın Qızıl Şəfəq kəndində (Ermənistan SSR, Kalinino rayonu) anadan olub. “Köç” romanının, povest, pyes və ssenarilərin müəllifidir. Uzun illər Azərbaycan Dövlət Radiosuna rəhbərlik edib.
18 mart 1979 – Ustad xanəndə, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 20.8.1901 – 1979) vəfat edib. Azərbaycan xalq musiqisinə və muğam sənətinə böyük töhfələr verən xanəndə “Şuşanın dağları”, “Ay gözəl”, “Dağlarda çiçək” və s. mahnı və təsniflərin də müəllifidir.
Hazırladı: Vüqar Orxan