Bakıda keçirilən "Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak edən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Mədəniyyət İnstitutunun prezidenti Saad Xan martın 15-də Azərbaycan Milli Kitabxanasında olub.

Görüşdə kitabxananın direktoru professor Kərim Tahirov Azərbaycan Milli Kitabxanası ilə İƏT arasında əlaqələrdən bəhs edib. O, İƏT üzvü olan ölkələrin Milli Kitabxanaları Şurası çərçivəsində birgə fəaliyyətdən söz açaraq görülən işlərdən danışan direktor eyni zamanda Azərbaycan və Pakistanın milli kitabxanalarının əməkdaşlığından bəhs edib. 

Kərim Tahirov 2023-cü ildə qardaş Pakistanın Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransda iştirak etdiyini, iki ölkənin milli kitabxanaları arasında əməkdaşlığa dair memorandum imzalandığını və son iki ildə Pakistan Milli Kitabxanasına Azərbaycanın tarixinə, mədəniyyətinə və şanlı Zəfərimizə dair 85 nüsxə kitab göndərildiyini söyləyib. Ölkəmizin ən zəngin kitabxanası haqqında qonaqlara məlumat verən direktor Azərbaycan Milli Kitabxanasının Beynəlxalq əməkdaşlıq zalında bir sıra ölkələrin ədəbiyyat guşələrinin olduğunu və gələcəkdə burada “Pakistan ədəbiyyatı guşəsi”nin də yaradılmasından məmnunluq duyacaqlarını vurğulayıb.

İƏT Mədəniyyət İnstitutunun prezidenti Saad Xan institutun 2007-ci ildə yaradıldığını söyləyib. O, hazırda 10 üzvü olan təşkilata son iki ildə Azərbaycanın sədrlik etdiyini və bu illər ərzində qurumun təşkilati fəaliyyətinin həddindən artıq genişləndiyini vurğulayıb. Saad Xan bu görüşün iki ölkə və onların milli kitabxanaları arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini vurğulayıb.

Sonra Azərbaycan Milli Kitabxanası ilə tanış olan qonaqlar kitabxananı çox bəyəndiklərini söyləyiblər.

Sonda direktor Kərim Tahirov qonaqlara kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, “Qarabağ - yeni sətirdən”, “The book of kings” kitablarını və Azərbaycanın xəritəsini hədiyyə edib. İƏT Mədəniyyət İnstitutunun prezidenti isə “ECO Heritage” və “ECO Cultural institute annual report-2024” jurnallarını Milli Kitabxananın fonduna bağışlayıb.