AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda hazırlanan “Qərbi Azərbaycan toponimləri lüğəti”nin I cildi işıq üzü görüb. Lüğət institutun Toponimika şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılovun rəhbərliyi ilə tərtib edilib. 

Toponimlər hər bir xalqın tarixi yaddaşının daşıyıcısı, milli və mənəvi sərvətidir. Onlar təkcə coğrafi adlar deyil, həm də etnik mənsubiyyətin, mədəniyyətin və tarixin izlərini özündə qoruyub saxlayan mühüm dil faktlarıdır. Tarixi saxtalaşdırmağa çalışan ermənilər zamanla Qərbi Azərbaycandakı türkmənşəli toponimləri dəyişdirmiş, qədim el-oba adlarını süni şəkildə silməyə cəhd göstərmişlər. Akademik A.Axundovun sözləri ilə desək, “torpağın köksündə tarixin izlərini silməyə çalışmışlar”.

Bu mənada, Azərbaycan türklərinin yaşadığı ərazilərdə mövcud olan makro və mikrotoponimlərin sistemli şəkildə toplanması, onların tədqiq olunaraq izahlı şəkildə xalqa çatdırılması, tarixi həqiqətlərin üzə çıxarılmasına xidmət edir. Qərbi Azərbaycan ərazisindəki onomastik vahidlərin öyrənilməsi təkcə elmi-tədqiqat baxımından deyil, həm də milli-mənəvi maraqlar kontekstində mühüm əhəmiyyət kəsb edir.

Araşdırmalar təsdiq edir ki, Qərbi Azərbaycanın onomastik mənzərəsi türkdilli əhalinin bu torpaqlarda qədim avtoxton sakinlərinin olduğunu bir daha sübut edir. Lüğətdə toplanmış makro və mikrotoponimlər xalqımızın keçmişini və bu gününü əks etdirən coğrafi adlardır.

Lüğətin tərtibçi heyətinə filologiya üzrə fəlsəfə doktorları Elçin İsmayılov (Qarakilsə və Gorus rayonlarının toponimləri), Tünzalə Baxşıyeva (Basarkeçər rayonunun toponimləri), Zülfiyyə Quliyeva (Qafan rayonunun toponimləri), Elçin Məmmədov (Çəmbərək rayonunun toponimləri), Pərviz Xaspoladlı (Paşalı (Əzizbəyov) rayonunun toponimləri) və şöbənin əməkdaşı Ayşən İsmayıllı (Meğri rayonunun toponimləri) daxildir.