Martın 14-də Azərbaycan Milli İncəsənət Muzeyində Novruz bayramına həsr olunmuş “Güllər rüzigarı” adlı sərgi açılıb.

Açılış mərasimində Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, memar Elçin Şamilli və Əməkdar incəsənət xadimi Səbinə Şıxlinskaya çıxış ediblər.

Sərgidə muzeyin kolleksiyasından 50-yə yaxın natürmort təqdim olunub, onların bir çoxu ilk dəfə nümayiş etdirilir. Bu sənət əsərləri güllərin ən gözəl çağlarında təbiətə hakim olduğu zamanın “rüzigarını” və ya dövranını çatdırır. Rəsm əsərləri Azərbaycanın müxtəlif nəsillərdən olan görkəmli rəssamlarına, o cümlədən Səttar Bəhlulzadə, Salam Salamzadə, Tağı Tağıyev, Davud Kazımov, Tofiq Cavadov, Elmira Şahtaxtinskaya, Xalidə Səfərova və başqalarına məxsusdur.

Bundan başqa, 1930-1940-cı illərdə Azərbaycan təsviri sənətinin inkişafında xidmətləri olan Vera Kvitko və Zinaida Boqoslovskaya-Kosiçkinanın əsərləri, eləcə də Usta Qəmbər Qarabağinin əl işlərinin – Şəki Xan Sarayının füsunkar gül divar rəsmlərinin reproduksiyaları sərgidə yer alıb. Xalq rəssamı Davud Kazımovun güllərin kətandan kənara çıxması və əsl natürmorta çevrilməsi hissini yaradan “Nərgizlər” əsəri də ən diqqətçəkən nümunələrdəndir.

Sərgidə natürmortlarla yanaşı, Azərbaycanın məşhur heykəltaraşlarının baharı tərənnüm edən əsərləri də təqdim olunur. Qorxmaz Sücəddinov, İbrahim Zeynalov, Akif Əsgərov, Sahib Quliyev və Teymur Rüstəmovun əsərlərində insan ömrünün baharı – gənclik mükəmməl plastik dil vasitəsilə tərənnüm edilir.

Şirin Məlikova jurnalistlərə müsahibəsində vurğulayıb ki, təqdim olunan əsərlər rəssam və heykəltaraşların ustalığını nümayiş etdirir, eyni zamanda, bayram ab-havasını çatdırır: “Milli bayramımız olan Novruz ərəfəsində muzeyin kolleksiyasından seçilmiş natürmortlardan ibarət sərgi hazırlamışıq. Burada heykəltaraşlarımızın əsərləri ilə yanaşı, ecazkar rəngkarlıq və qrafika işləri də təqdim olunur”.

Sərgi aprelin 30-dək davam edəcək.