
Milli Kitabxanada yazıçı, şair, tərcüməçi, pedaqoq, uşaq ədəbiyyatımızın görkəmli müəlliflərindən biri Mikayıl Rzaquluzadənin (1905–1984) anadan olmasının 120 illiyi münasibətilə sərgi açılıb.
Kitabxanadan bildirilib ki, “Mikayıl Rzaquluzadə – 120” adlı sərgidə yazıçının əsərləri, dünya ədəbiyyatından tərcümələri, tərtibçi, ön söz müəllifi, redaktoru olduğu kitablar, həyat yolu, fəaliyyəti və yaradıcılığını əks etdirən Azərbaycan və rus dillərdə ədəbiyyatlar nümayiş olunur.
Mikayıl Rzaquluzadə ədəbi fəaliyyətə 1923-cü ildə "Abdulla Şaiq" kitabçasında çıxan "Müəllim" şeiri ilə başlayıb. İlk məqaləsi isə 1926-cı ildə “Maarif işçisi” jurnalında “Çocuq ədəbiyyatında üsul məsələsi” adı ilə dərc olunub.
Müxtəlif mövzularda yazıb-yaratsa da, 1945-ci ildən başlayaraq bütün kitablarını uşaq və gənclər üçün nəzərdə tutub. Onun “Qaranquş yuvası” (1945), “Ağ dana” (1945), “El gücü” (1948), “Qu gölü” (1955) və s. kitabları uşaq və gənclərin sevərək mütaliə etdiyi əsərlərdir. Mikayıl Rzaquluzadə təkcə gözəl şair, nasir, publisist deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan yazıçıların əsərlərini dilimizə çevirən bir söz ustadı kimi şöhrət qazanıb.