Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Azərbaycan” tədbiri çərçivəsində Heydər Əliyev Mərkəzində milli dəb sənayesinin inkişafına həsr olunan dəyirmi masa keçirilib.

Tədbirdə nazir müavini Murad Hüseynov və Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində nazirliyin mədəni və yaradıcı sənayelərin, xüsusilə də milli dəb sənayesinin inkişafına yönəlmiş fəaliyyətləri barədə danışıblar.

Əməkdar incəsənət xadimi, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyə Xələfova ölkədə dəb mədəniyyətinin inkişaf yolundan danışaraq, bu sahədə yeni istedadların üzə çıxarılmasının, dəb sahəsinin inkişafına yönəlmiş tədbirlərin paytaxt ilə yanaşı, ölkənin regionlarında da keçirilməsinin önəmli olduğunu qeyd edib.

Çıxışlardan sonra Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin “Yaradıcı dəb” layihəsi ilə bağlı təqdimat həyata keçirilib və dəyirmi masa müzakirələrinə start verilib.

Dəyirmi masa zamanı yerli dizaynerlər və brendlər üçün dövlət dəstəyi mexanizmlərinin əhəmiyyəti və inkişaf imkanları, dəb sahəsində təhsil, kadr hazırlığı və peşəkar inkişaf imkanları kimi aktual mövzular iştirakçılar tərəfindən geniş müzakirə edilib.