Muzey əşyalarının bərpası və konservasiyası mədəni və tarixi əhəmiyyətə malik olan maddi mədəni irs nümunələrinin qorunması, onların strukturunun möhkəmləndirilməsi və ilkin görkəminin bərpası üçün həyata keçirilən peşəkar prosesdir. Bu proses hər bir əşyanın unikal xüsusiyyətlərini nəzərə alaraq bərpaçılardan yüksək ixtisaslaşmış yanaşma tələb edir.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi muzeylərdə saxlanılan maddi mədəni irsin qorunması və bərpası ilə məşğul olan xüsusi bir müəssisədir. Onun fəaliyyəti ölkənin mədəni irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə böyük töhfə verir.
2024-cü ildə Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyindən Elmi Bərpa Mərkəzinə çox maraqlı əşya daxil olub. Sferokonus adlandırılan bu eksponat mərkəzə bədii tərtibatlı qab (qəndil, çıraq) adı altında gətirilib. Lakin bu əşyanın hansı səbəbdən istifadə olunması haqqında müxtəlif versiyalar mövcuddur. “Sferokonus” arxeologiya və keramika sənətində müəyyən dövrlərə aid edilən xüsusi formalı gil qabları təsvir etmək üçün istifadə olunan bir termindir. Bu qablar konusvari baza və sferik yuxarı hissə ilə xarakterizə olunur.
Formanın unikal xüsusiyyəti həm funksionallığı, həm də estetik gözəlliyi təmin etməsidir. Sferokonus qablar onların quruluşu və istifadəsi haqqında məlumat verərək həmin dövrün mədəni-iqtisadi həyatı ilə bağlı qiymətli məlumat təqdim edir.
Sferokonus gil qablar yalnız funksional qablar deyil, həm də qədim insanın yaradıcılığı və gündəlik həyatının şahidləridir. Onların unikal dizaynı estetik, texnoloji və funksional tələbləri tarazlaşdırır, bu da onların həmin dövrün sənətkarlığına dair dəyərli nümunələr olduğunu göstərir.
Qeyd edək ki, müəssisəyə konservasiya üçün daxil olan bu maraqlı eksponat zahiri görünüşü ilə də hər kəsi valeh edir. Üzərində həndəsi naxışlar verilən eksponatın bədii tərtibatında qabarıq şaquli yapmalar da müşahidə olunur. Yapmaların üzərinə maqqaş tipli alət vasitəsilə cınağı naxış elementi, basma üsulu ilə isə dairəvi medalyonlarda çoxləçəkli çiçək salınıb. Həmçinin atlı təsvirinə də yer verilib ki, keramika nümunələrində atlı təsvirləri qədim mədəniyyətlərdə geniş yayılmış sənət motivlərindən biridir. Bu təsvirlər həm dekorativ, həm də mifik və ya tarixi simvolizmi əks etdirən sənət nümunələrində rast gəlinir.
Diqqəti cəlb edən digər maraqlı məqam isə eksponatın üzərində Atabəylər dövlətinin ikinci hökmdarı Atabəy Şəmsəddin Eldənizin oğlu olan Məhəmməd Cahan Pəhləvanın adının yazılmasıdır.
Bu günə qədər sferakonusların dəqiq təyinatı tarixçilər üçün açılmamış qalır. Qalıqları tədqiqatçılar tərəfindən aşkar edilən və tanınan sferokonuslardan ətriyyatda, tibdə, kimyagərlikdə və dini ayinlərdə istifadə oluna bilərdi. Əvvəlcə mütəxəssislər bu cür qabların məişət lampaları və ya alışdırıcı qarışıqlar üçün konteyner kimi xidmət etdiyini güman edirdilər, lakin bu fərziyyələr sübuta yetirilə bilmədi. Hal-hazırda elm adamları sferokonusların çoxfunksiyalı olduğuna və həyatın müxtəlif sahələrində istifadə edildiyinə inanmağa başlayıblar.
Bəzi mütəxəssislər bu qabların çıraq kimi, bəziləri civə, neft, digərləri isə hərb işində istifadə olunduğunu iddia ediblər. Sferokonusların şərab saxlanılması üçün istifadə edildiyi fikri də mövcuddur.
İndi bu maraqlı əşya üzərində aparılan iş prosesi haqqında. İlk növbədə onu qeyd edək ki, eksponatın növü, tərkibi, materialı və s. ətraflı öyrənilib. Sonrakı mərhələdə bərpa və yaxud konservasiya ehtiyacı müəyyənləşdirilib. Eksponata uyğun tapşırıqlar verildikdən sonra bərpa və konservasiya prosesinə başlanılıb.
Eksponat bərpaçı-rəssam Sultan Sultanov tərəfindən 2024-cü ildə konservasiya olunub. Vurğulayaq ki, konservasiya bərpa işlərindən fərqli olaraq daha çox profilaktik tədbirlərə əsaslanır və əşyanın orijinallığına minimum müdaxilə etməyə üstünlük verir. Konservasiya prosesinə gəldikdə isə öncə eksponat xüsusi maddələr vasitəsilə dezinfeksiya edilərək təmizlənib. Sonrakı mərhələdə isə mexaniki üsulla təmizlənərək üzərindəki çirklərdən arındırılıb. Qaynadılan, yuyulub qurudulan eksponatın çatlamış hissələri uyğun yapışqanla bərkidildikdən sonra üzərinə qoruyucu lay çəkilərək konservasiya prosesi tamamlanıb.
Sferokonusun konservasiya prosesi bir daha sübut etdi ki, tarixi və mədəni irsin qorunması sahəsində elmi əsaslı bərpa və konservasiya işləri mühüm rol oynayır. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi bu sahədə aparıcı müəssisə kimi çıxış edərək unikal metodlar və innovativ yanaşmalar tətbiq etməklə nadir eksponatların ömrünü uzadır.
Lalə Həsənzadə
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşı