"Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda Novruz bayramı münasibətilə tədbir keçirilib.

Tədbirin məqsədi Azərbaycanın qədim adət-ənənələrinin məcmusu olan Novruzla bağlı dəyərlərin yaşadılması, gənc nəslə aşılanması, o cümlədən, Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən tarixi abidələrin tanıdılmasıdır.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və məsul şəxsləri, rayon ərazisində yerləşən bir çox idarə və təşkilatların əməkdaşları, gənc könüllülər, el ağsaqqalları və ziyalılar iştirak ediblər.

Mərasim “Keşikçidağ” qoruğuna məxsus informasiya mərkəzində qədim musiqi alətlərimiz olan saz, qara zurna, nağara, ud sədaları altında Kosa, Keçəl, Bahar qızın və milli geyimli gənclərin xüsusi bəzədilmiş Dilboz atlarla məclisə gəlişi ilə başlayıb. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov qonaqları salamlayaraq tədbiri açıq elan edib.

Tütək sədaları və sayaçı sözləri altında qoyunların ağıla gətirilməsi, milli geyimdə çiyinlərində səhənglə bulaqdan su gətirən qızların rəqsi, xalq oyunlarından olan “Kosa-Keçəl”, “Dirədöymə”nin nümayişi, gənc qızların “Haxışta”, “Bayatı” söyləməsi, “Səməni”, “Uzundərə”, “Tərəkəmə” rəqslərinin ifası tədbirə xüsusi maraq qatıb. Atların iştirakı ilə yarış keçirilib. Yarışın qalibinə hədiyyələr təqdim edilib.

Tədbir Novruz tonqalının ətrafında “Yallı” rəqsinin nümayişi ilə yekunlaşıb.