F.Köçərli adına Respublika Uşaq Kitabxanasında kəkələyən uşaqlara dəstək olmaq, onların özünə inamını artırmaq və sosial inkişafını təmin etmək məqsədilə “Sağlamlıq körpəlikdən başlayır” adlı maarifləndirici təlim keçirilib.
Martın 5-də təşkil olunan təlimi defektoloq-loqoped Jalə Bənnayeva və psixopedaqoq Bülül Quliyeva aparıblar.
Kitabxana əməkdaşlarının, gənc anaların iştirak etdiyi maarifləndirici təlimdə “Oxu terapiyası”, “Kəkələyən uşaqların psixikası”, “Kəkələmə xəstəlik deyil” kimi mövzular müzakirə edilib.
Defektoloq-loqoped Jalə Bənnayeva kəkələyən uşaqlarla bağlı psixoloji dəstəyin önəmi və düzgün müalicə üsullarının tətbiqi haqqında məlumat verib. Təlimçi valideynlərin və müəllimlərin uşaqlara qarşı daha anlayışlı və səbirli olmalarını, onların emosional vəziyyətini nəzərə alaraq doğru yanaşma sərgiləmələrini vurğulayıb. Kəkələyən uşaqların oxumağa hansı kitablardan başlaması mövzusuna da toxunulub. Qeyd edilib ki, uşaqların nitqində qüsur, kecikmə və ya kəkələmə varsa, hecalı kitablardan istifadə etmək məsləhətdir.
Təlimdə kəkələmə problemi ilə üzləşən uşaqlar üçün individual yanaşmanın və müntəzəm məşqlərin rolu da geniş müzakirə edilib.
Psixopedaqoq Bülül Quliyeva kəkələmənin hər bir uşağa fərdi yanaşma üsulu ilə həll edilməsi gərəkdiyini, hər uşağın psixoloji vəziyyətinin və inkişaf mərhələsinin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Təlimin sonunda valideynlərə uşaqların inkişafına necə dəstək olmaq, onların emosional və sosial ehtiyaclarını necə qarşılamaq barədə praktiki məsləhətlər verilib.