Ağdam rayonunun Quzanlı qəsəbəsində “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” mövzusunda elmi konfrans keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, filologiya elmləri doktoru, professor, Qasım bəy Zakir (1784-1857) irsinin tədqiqatçısı Raquf Kərimov, Xalq şairi Sabir Rüstəmxanlı, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Qasım bəy Zakir nəslinin və rayon ictimaiyyətinin nümayəndələri, digər şəxslər iştirak ediblər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Sonra Xındırıstan kəndinə salınacaq Qasım bəy Zakir adına parkın ərazisində ağac əkilib. Bildirilib ki, parkda Qasım bəy Zakirin xatirə muzeyinin yaradılması da nəzərdə tutulub.

Ağdam Muğam Mərkəzində keçirilən konfransda Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Qarabağ ədəbi-ictimai mühitindən, XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Qasım bəy Zakirin həyat və yaradıcılığından, onun ədəbi irsinin xalqımızın mədəniyyət xəzinəsinə daxil olmasından, şairin yaradıcılığında ana dilimizin imkanlarının dolğun əks etdirilməsindən danışıblar.

Qeyd olunub ki, Qasım bəy Zakir klassik Şərq ədəbiyyatının ən yaxşı cəhətlərini özünəməxsus satirik, lirik üslubda davam və inkişaf etdirərək qüdrətli söz ustası kimi şöhrət qazanıb. O, Azərbaycan bədii dilini yeni pilləyə qaldıraraq məzmunca dolğun, formaca bitkin satirik şeirləri, qoşmaları, gəraylıları ilə həməsri olduğu şairlərdən fərqlənib, ustad sənətkar kimi diqqəti cəlb edib. Zakirin ədəbi irsi xalqımızın mədəniyyət xəzinəsinə daxil olub. Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli qərarı ilə Qasım bəy Zakir Azərbaycanda əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına salınıb.

Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecindəki “Qarabağ" instrumental ansamblının müşayiəti ilə Əməkdar artisti, xanəndə Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib.